AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti kimi yüksək, məsul və çox çətin vəzifəyə seçilməyiniz münasibətilə Bakı və Xəzəryanı bölgə yeparxiyasının bütün pravoslav xristianları adından səmimi təbrikləri qəbul edin.
Şübhəsiz ki, seçkilərdə qələbəniz çoxmillətli Azərbaycan xalqının Sizə etimadının bəhrəsidir, etibarlı, güclü və perspektivli rəhbər kimi, dahi valideyniniz möhtərəm Heydər Əliyevin xəttinin davamçısı kimi xalqın Sizə inamının ifadəsidir.
Əminik ki, Siz Azərbaycan torpağının və milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, onun xalqının rifahı naminə bütün səylərinizi və istedadınızı əsirgəməyəcəksiniz, respublikada əmin-amanlığı və həmrəyliyi bərpa etmiş Heydər Əlirza oğlu Əliyevin yorulmaz əməyi və güclü iradəsi sayəsində sosial, iqtisadi sahədə və xarici siyasi həyatda əldə olunmuş nailiyyətlərin qorunub saxlanması və artırılması üçün özünüzəxas dərin məsuliyyəti və əsl vətənpərvərliyi həmişə rəhbər tutacaqsınız.
Sizin qarşınızdakı fəaliyyətdən də məqsəd eynidir – respublikanın rifahı daim yüksəlsin və yaxşılaşsın, insanlar isə dinc və xoşbəxt yaşasınlar. Axı, İlahi vergisi olan insan həyatı hər şeydən ucadır.
Sizi çətin və məsuliyyətli vəzifə gözləyir. Qoy bu işdə Tanrının özü sizə yar olsun, mənəvi və cismani qüvvənizi möhkəmlətsin və artırsın, müdriklik və səbr versin, hər cür nəcib işlərinizə xeyir-dua versin.
Daim hörmətlə,
Aleksandr,
Bakı və Xəzəryanı bölgənin yepiskopu.