SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İclasda cənab Heydər Əlirza oğlu Əliyevin namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələrinin və digər seçki sənədlərinin Seçki Məcəlləsinin tələblərinə tam uyğun olması bütün iştirakçıların nəzərinə çatdırılmışdır. Mərkəzi Seçki Komissiyası cənab Heydər Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini qeydə almaq barədə yekdilliklə qərar çıxarmışdır.
Cənab Heydər Əlirza oğlu Əliyev Mərkəzi Seçki Komissiyasında təsdiq olunmuş namizədlər arasında prezidentliyə qeydə alınmış ilk namizəddir.
Komissiya daha sonra gündəlikdəki digər məsələlərin müzakirəsini keçirmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan Vahid Kommunist Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab Sayadov Sayad Sayad oğlunun namizədliyinin təsdiq olunması haqqında məlumat vermişdir.
Komissiya prezidentliyə namizədin təqdim olunmuş sənədlərinin Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanmadığını nəzərə alaraq cənab Sayad Sayad oğlu Sayadovun namizədliyini təsdiq etməmişdir.
İclasda 2003-cü il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılması haqqında komissiyanın üzvü İlham Məmmədovun məlumatı dinlənilmişdir.
Komissiya müraciətin araşdırılaraq müvafiq tədbirlər görülməsi üçün sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Ədliyyə Nazirliyinə göndərilməsini qərara almışdır. Komissiya üzvlərinin dairə seçki komissiyalarında məsələlərin aidiyyəti üzrə araşdırılması da məqsədə müvafiq sayılmışdır.
İclasda Xalq Cəbhəsi Partiyasına əlavə sayda imza vərəqələri verilməsi məsələsi müsbət həll olunmuşdur.
Komissiya iclasın sonunda cari məsələlərə baxmaqla işini tamamlamışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təmsilçiləri, habelə xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti.