AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev iclas iştirakçılarına “Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Təlimat”ın təsdiq edilməsi barədə məlumat vermişdir. Bu sənəd müzakirə edilərək əsas kimi qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov “Dairə seçki komissiyasının Reqlamenti haqqında” və “Məntəqə seçki komissiyasının Reqlamenti haqqında” məlumatla çıxış etmişdir. Hər iki sənədin əsas kimi təsdiq olunması qərara alınmışdır.
İclasda “Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq edilməmiş şəxslər barədə təkrar müraciətlərə baxılması haqqında məsələ müzakirəyə çıxarılmışdır. Komissiya belə qərara gəlmişdir ki, prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyasında təsdiq edilməmiş şəxslər barədə özlərinin, onların namizədliyini irəli sürmüş təşəbbüs qruplarının, siyasi partiyaların və siyasi partiyalar bloklarının müraciətlərinə baxılmasın.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin təmsilçiləri, habelə xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti.