SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Azərbaycan Respublikası Prezidentinin “Hökumət zəmanəti ilə alınan kreditlərin qaytarılmasına nəzarətin gücləndirilməsi tədbirləri haqqında” 2001-ci il 11 iyun tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, “Hökumət zəmanəti ilə kredit almış dövlət müəssisə və təşkilatlarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin səlahiyyətləri” təsdiq edilsin, hökumət zəmanəti ilə kredit almış dövlət müəssisə və təşkilatlarında kreditin vaxtında qaytarılmasına nəzarət işini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mərkəzi aparatına əlavə olaraq 8 ştat vahidi ayrılsın, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələrinin hər birinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 29 yanvar tarixli 28 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 1-ci bölməsində nəzərdə tutulmuş “Baş İdarənin, aparıcı idarənin və şöbənin rəisi”nin vəzifə maaşı səviyyəsində münyyən edilsin, Azərbaycan Respublikası Maliyyə Nazirliyi hökumət zəmanəti ilə kredit almış müəssisə və təşkilatlarda, kreditin vaxtında qaytarılması üçün müəyyən edilmiş tələblər pozulduqda, yol verilmiş nöqsanlar barədə Nazirlər Kabinetinə məruzə etsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.