SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, “Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması qaydaları”, “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası”, “Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə qaydası” və “Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin siyahısı” təsdiq edilsin.
“Atmosfer havasının mühafizəsinə dövlət nəzarətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” SSRİ Nazirlər Sovetinin 19 avqust 1982-ci il tarixli 764 nömrəli qərarı barəsində” Azərbaycan SSR Nazirlər Sovetinin 3 sentyabr 1982-ci il tarixli 411 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin, Dövlət Neft Şirkətinin və Dövlət Neft Fondunun İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Nazirlər Kabineti qərara almışdır ki, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aşağıdakı mətndə yeni 4.6-cı yarımbənd əlavə edilsin:
“4.6. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar”.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.