SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanının 5-ci bəndinin 20-ci abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə” təsdiq edilsin.
Məhkəmənin qərarınadək, bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla aidiyyəti nazirlik, komitə və təşkilatlar tərəfindən hazırlanmış və təsdiq edilmiş təlimata əsasən həyata keçirilir.
Bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışı İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən respublika Auksion Mərkəzi vasitəsilə, bütün növ qiymətli kağızların satışı isə fond birjası vasitəsilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın hərraca çıxarılması və hərracda satılması barədə təlimatı hazırlayıb təsdiq etməlidir.
“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi və istifadəsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” SSRİ Nazirlər Sovetinin 1984-cü il 29 iyun tarixli 683 nömrəli qərarı haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 10 iyul tarixli 231 nömrəli qərarı (2-ci bəndi istisna olmaqla), “Ayinlərə aid əşyaların dini təşkilatlara əvəzsiz verilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1991-ci il 11 yanvar tarixli 11 nömrəli qərarı və “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi və istifadəsi qaydaları haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə” Azərbaycan SSR Nazirlər Kabinetinin 1991-ci il 21 avqust tarixli 272 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.