AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 5-ci bəndinin iyirmi yeddinci abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, “Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatoru” təsdiq edilsin.
“Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarının 1-ci bəndindən “Peşə məktəbi və peşə litseylərində ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün peşələrin siyahısı” (əlavə 4)” sözləri və həmin qərar ilə əlavə nömrə 4 kimi təsdiq edilmiş “Peşə məktəbi və peşə litseylərində ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün peşələrin siyahısı” çıxarılmışdır.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 16-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə hazırladığı “Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə və sudan istifadə tarifləri” təsdiq edilsin.
Meliorasiya və Su Təsərrüfatı Komitəsinə və Maliyyə Nazirliyinə tapşırılmışdır ki, sudan istifadə tariflərini komitənin maliyyə-təsərrüfat fəaliyyətində nəzərə alsınlar.
“Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 1996-ci il 26 oktyabr tarixli 150 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.