AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi 7 noyabr 2002-ci il tarixli 173 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bəzi qərarlarında edilən dəyişikliklər və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı təsdiq edilmişdir.
X X X
“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanının 5-ci bəndinin 2-ci abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi 7 noyabr 2002-ci il tarixli 174 nömrəli qərarına əsasən “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər” təsdiq edilmişdir.
X X X
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 175 nömrəli qərarına əsasən “Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydalar” təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılmışdır ki, dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanması ilə bağlı xərcləri fərdi uçotun tərtib edilməsi mərhələlərinə uyğun olaraq hər il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin tərtibi zamanı nəzərə alsın.
Bu qərarlar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin Mətbuat mərkəzindən məlumat vermişlər.
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanına uyğun olaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə və Dövlət Gömrük Komitəsinin təklifini nəzərə alaraq Nazirlər Kabinetinin qəbul etdiyi 7 noyabr 2002-ci il tarixli 176 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları”na aşağıdakı dəyişikliklər və əlavə edilmişdir:
1. 2.1.4-cü bəndi çıxarılsın və 2.1.5-ci və 2.1.6-cı bəndləri müvafiq olaraq 2.1.4-cü və 2.1.5-ci bəndlər hesab edilsin;
2. 2.13-cü bəndi aşağıdakı yeni redaksiyada verilsin:
“2.13. Fiziki şəxslər xarici valyuta sərvətlərini və milli valyutanı (manatı) Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən müvafiq Qanunla və Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilmiş qaydada keçirə bilərlər.”.
3. 2.14.1-ci bəndindən “habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa rəsmi dövlət, hökumətlərarası beynəlxalq təşkilatlarda 1 ildən az olmamaq şərti ilə işləmiş Azərbaycan Respublikasının vətəndaşları xidmət müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikasına qayıtdıqda,” sözləri çıxarılsın və həmin bənddə “ödənişlərini” sözü “rüsumu” sözü ilə əvəz edilsin;
4. aşağıdakı məzmunda 2.23-cü bənd əlavə edilsin:
“2.23. Diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın (təqdim edilmiş sənədlər əsasında) Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük rüsumu tutulmur.”.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.