AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hər bir vətəndaş kimi mənim üçün də Azərbaycan Respublikası Prezidenti tərəfindən Vətənin yüksək ordeni ilə təltif edilmək böyük şərəfdir. Düz beş il bundan əvvəl məhz Siz müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq konstitusiya nəzarəti orqanının yaradılmasının təşəbbüskarı oldunuz. Bu gün qətiyyətlə demək mümkündür ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyamızda təsbit olunmuş demokratik dəyərlərin müdafiəsinin etibarlı təminatçısı olmuşdur. Hər kəsin hüquq və azadlıqlarının müdafiəçisi kimi çıxış edən Konstitusiya Məhkəməsinin uğurlu fəaliyyəti Sizin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu işindəki səyləriniz nəticəsində mümkün olmuşdur. Məhz Sizin təşəbbüsünüzlə ötən ilin avqustunda Konstitusiyaya dəyişikliklər edilməsinə dair keçirilmiş referendumla Konstitusiya Məhkəməsinin səlahiyyətləri əhəmiyyətli dərəcədə genişlənmişdir.
Hörmətli cənab Prezident!
Ölkədə sabitliyin təmin olunmasının hansı səyləriniz bahasına əldə edildiyi hamıya məlumdur. Eyni zamanda, Siz həmişə əldə edilmiş sabitliyi ölkədə siyasi, iqtisadi və hüquqi islahatların həyata keçirilməsinin şərti kimi qiymətləndirmisiniz. Məhz bu islahatlar ölkədə indi də hüquq qaydasını təmin edən dövlətçilik təsisatlarının yaranmasına və fəaliyyət göstərməsinə səbəb olmuşdur.
Siz həmişə onu da qeyd edirsiniz ki, Azərbaycanın müstəqilliyi xalqımızın ən böyük nailiyyətidir və biz hamımız onu qorumalı və möhkəmləndirməliyik. Zənnimcə, Vətənin taleyini özü üçün əziz hesab edən hər kəs onun çiçəklənməsi naminə əlindən gələn hər şeyi etməlidir.
İcazə verin, mənim əməyimə verdiyiniz qiymətə görə, bir daha Sizə təşəkkür edim, Sizə səadət və möhkəm cansağlığı, hamımızın xidmət etdiyi yüksək ideallar naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayım.
Dərin hörmətlə,
Xanlar Hacıyev.