SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN BƏYANATI
Azərbaycan Respublikası 2001-ci il sentyabrın 5-də qondarma “Dağlıq Qarabağ Respublikası”nda kecirilməsi nəzərdə tutulan yerli hakimiyyət orqanlarına seçkilər adlandırılan qanunsuz tədbirlə bağlı, nüfuzlü beynəlxalq təşkilat olan, qanunun aliliyi, demokratiya və insan hüquqlarının qorunması prinsiplərinin müdafiəsində duran Avropa Şurasının qəti mövqeyini əks etdirən Bəyanatını alqışlayır.
Avropa Şurası qeyd olunan qondarma seçkiləri qeyri-qanuni və münaqişənin həllini çətinləşdirən bir addım hesab edir.
Adı çəkilən qondarma seçkilərin keçirilməsi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı törətdiyi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsinin və işğal olunmuş torpaqlarda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmələrin yekunlarının təsbit edilməsinə dair daha bir qanunsuz cəhdidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyan edir ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq prinsip və normalar əsasında həll olunmayanadək və öz torpaqlarından qovulmuş azərbaycanlı məcburi köçkünlər yurdlarına qayıtmayanadək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hər hansı bir seçkinin kecirilməsi qeyri-qanunidir və onun nəticələri tanına bilməz.