AZƏRBAYCAN-RUSİYA HÖKUMƏTLƏRARASI DANIŞIQLARI
Artur Rasizadə rusiyalı həmkarını Azərbaycan Nazirlər Kabinetinin binası önündə səmimiyyətlə qarşıladı.
Əvvəlcə Azərbaycan və Rusiya hökumətlərinin rəhbərləri təkbətək görüş keçirdilər.
Sonra geniş tərkibdə keçirilən Azərbaycan-Rusiya danışıqlarında Artur Rasizadə Azərbaycanda Rusiya İlinin başa çatması ilə bir vaxta düşən səfər barədə dəvətini qəbul etdiyinə görə Mixail Fradkova təşəkkürünü bildirdi.
Azərbaycan hökumətinin başçısı dedi: “Rusiya Azərbaycan üçün strateji tərəfdaşdır və iki ölkə arasında münasibətlər də bu ruhda inkişaf edir”. O vurğuladı ki, prezidentlər İlham Əliyevin və Vladimir Putinin tez-tez keçirilən görüşləri, habelə idarələrarası səviyyədə əlaqələr iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsində mühüm amildir. Artur Rasizadənin sözlərinə görə, hökumətlərarası iqtisadi komissiya da fəal işləyir.
O, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin dinamikasına dair misallar gətirdi. Məsələn, əgər 2005-ci ildə əmtəə dövriyyəsinin səviyyəsi 2004-cü ildəkinə nisbətən 29 faiz yüksəlmişdisə, cari ildə artımın 50 faiz səviyyəsində olacağı gözlənilir.
A.Rasizadə Azərbaycan iqtisadiyyatının uğurlarından danışaraq dedi ki, ÜDM-in artımı keçən ildəkinə nisbətən 36 faiz olmuşdur. O, ölkədə həyata keçirilən sosial proqramların və regional energetika və nəqliyyat layihələrinin vüsətindən də söhbət açdı. Hökumət başçısı regionların kifayət qədər inkişaf etməməsini və bəzi sahələrdəki geriliyi iqtisadi xarakterli problemlər kimi səciyyələndirdi. Artur Rasizadə xüsusi vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmaması Azərbaycanın başlıca problemi olaraq qalır.
Azərbaycanın Baş naziri iki ölkənin təkcə idarələri arasında deyil, həm də regionları arasında sıx əlaqələr yarandığını xatırladaraq, əmin olduğunu bildirdi ki, Rusiya nümayəndə heyətinin indiki səfəri çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün yeni stimul olacaqdır.
Mixail Fradkov dedi ki, prezidentlərin görüşləri zamanı əldə edilmiş razılaşmalar uğurla həyata keçirilir və Rusiya hökumətinin vəzifəsi azərbaycanlı həmkarları ilə işgüzar əlaqələri dəstəkləməkdən, ikitərəfli münasibətləri Rusiyanın və Azərbaycanın xeyrinə yönəltməkdən ibarətdir. O, ölkələrimizin bütün sahələrdə fəal inkişaf edən əlaqələrini yüksək qiymətləndirdi. Rusiya hökuməti sədrinin sözlərinə görə, qara və əlvan metallurgiyada, maşınqayırma və yüksək texnologiyalar sahəsində qarşılıqlı surətdə faydalı əlaqələri gücləndirmək lazımdır.
M.Fradkov bildirdi ki, Azərbaycanda Rusiya İli Azərbaycan-Rusiya münasibətlərinin daha da dərinləşməsi üçün əlverişli şərait yaratmışdır. Azərbaycanda gələn il keçiriləcək Moskva Günləri də bu nəcib işə xidmət edəcəkdir. O, Rusiya İli tədbirlərinin yaxşı təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirdi.