Azərbaycan şahmatçılarının Dünya Kubokundakı növbəti rəqibləri müəyyənləşib
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun birinci dövrəsi başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qrossmeysterlər Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Teymur Rəcəbov və Qədir Hüseynov 1/32 final mərhələsinə vəsiqə qazanıblar.
Ş.Məmmədyarov iranlı İdani Puyadan üstün olub, R.Məmmədov turnirin ən güclü iştirakçılarından biri olan Yevgeni Nayeri (Rusiya) mübarizədən kənarlaşdıra bilib, T.Rəcəbov amerikalı Semuyel Seviana qalib gəlib, Q.Hüseynov isə Maksim Matlakovu məğlub edib.
Eltac Səfərli və Vasif Durarbəyli rəqiblərinə məğlub olublar.
Beləliklə, onlar 128 şahmatçının iştirak etdiyi Dünya Kubokunda mükafata layiq yerlər uğrunda mübarizəni dayandırıblar.
İkinci dövrədə Ş.Məmmədyarov dünya çempionu Hou İfanla, T.Rəcəbov israilli İlya Smirinlə, Q.Hüseynov çex David Navar ilə, R.Məmmədov isə Fabiano Karuana ilə qarşılaşacaqlar.
Qaydalara əsasən, iştirakçılar bir-biri ilə klassik vaxt nəzarəti rejimində (birinci 40 gediş üçün 90 dəqiqə, sonra oyunun sonuna qədər 30 dəqiqə, üstəgəl oyunun əvvəlindən hər gediş üçün 30 saniyə) iki partiya oynayacaqlar.
İki partiyadan sonra hesab heç-heçə olarsa, rəqiblər 25+10 vaxt nəzarəti rejimində iki partiya oynayacaqlar. Əgər hesab yenidən heç-heçə olarsa, 10+10 vaxt nəzarəti rejimində iki partiya, daha sonra 5+3 vaxt nəzarəti rejimində iki partiya oynayacaqlar. Əgər bundan sonra da rəqiblər “sülhlə ayrılsalar”, onda "armaqeddon" (5:4) +3 nəzərdə tutulmuşdur, bu halda heç-heçə qaraların xeyrinə sayılır.
Qalib və kubokun finalçısı 2016-cı ildə iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaq.
Turnir oktyabrın 4-də başa çatacaq.