QAN YADDAŞI
AZƏRBAYCAN SƏFİRLİYİ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI MİSİRDƏ VƏ LİVİYA CƏMAHİRİYYƏSİNDƏ KEÇİRİLƏCƏK TƏDBİRLƏRİN PLANINI HAZIRLAMIŞDIR
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət” Beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Misirdə və eyni zamanda akkreditə olunduğu Liviya Cəmahiriyyəsində keçiriləcək tədbirlərin planını hazırlamışdır.
Səfirlikdən bildirmişlər ki, tədbirlərdə Azərbaycan icmasının, “Vətən” tələbə təşkilatının, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, habelə Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin iştirakı nəzərdə tutulmuşdur.
Fevralın 26-da Misirin ən qabaqcıl xəbər televiziya kanalı olan və bir neçə dildə yayımlanan “Nile Akhbar” kanalında Azərbaycanın Misirdəki səfiri Faiq Bağırovun müsahibəsi və Xocalı hadisələrindən bəhs edən “Məhv edilmiş şəhər” filmi ərəb dilində nümayiş etdiriləcəkdir.
Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən faciə ilə bağlı hazırlanmış təbliğat materialları, səfirliyin xüsusi xəbər bülleteni, Misirdə fəaliyyət göstərən “Vətən” tələbə təşkilatı tərəfindən ərəb dilində nəşr edilən “Azərbaycan” qəzetinin faciəyə həsr olunmuş xüsusi sayı, “Xocalıya ədalət” kampaniyası və kampaniyanın internet səhifəsi haqqında məlumatlar Misir və Liviyanın Xarici İşlər nazirliklərinə, parlamentlərinə, Ərəb Dövlətləri Liqasına, bu ölkələrdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarına, ictimai-mədəni və təhsil müəssisələrinə, kitabxanalara, diplomatik nümayəndəliklərə, beynəlxalq və regional təşkilatların ofislərinə göndərilmişdir.
Eyni zamanda, İsgəndəriyyə şəhərində keçirilən VII Beynəlxalq kitab sərgisi çərçivəsində fevralın 25-də faciənin ildönümü ilə bağlı geniş ictimai aksiyanın, o cümlədən imzatoplama kampaniyasının keçirilməsi, Xocalı haqqında filmin nümayişi, “Azərbaycan” qəzetinin xüsusi sayının, faciə ilə bağlı kitabların, disklərin, broşürlərin sərgi iştirakçılarına paylanması nəzərdə tutulmuşdur.
Fevralın 26-da səfirlikdə Misirin aparıcı mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin ildönümü ilə bağlı mətbuat konfransının və “Xocalıya ədalət” kampaniyasının internet səhifəsinin təqdimatının keçirilməsi, imzatoplama kampaniyasının davam etdirilməsi və faciədən bəhs edən təbliğat materiallarının iştirakçılara paylanması planlaşdırılmışdır.