AZƏRBAYCAN ŞƏHƏR BƏLƏDİYYƏLƏRİNİN MİLLİ ASSOSİASİYASI YARADILMIŞDIR
İclasa sədrlik edən işçi qrupunun rəhbəri Tair Quliyev təsis yığıncağından əvvəl işçi qrupun son iclasının keçirildiyini bildirdi.
O, işçi qrupunun bu il oktyabrın 29-da Bakı şəhərində təşkilati məsələlərə həsr olunmuş iclasında qəbul edilmiş nümayəndəlik normasına uyğun olaraq, təsis yığıncağına 71 nümayəndənin seçildiyini, onlardan 69-nun yığıncaqda iştirak etdiyini bildirdi.
Sonra gündəliyə daxil olan məsələnin müzakirəsinə başlandı.
Naxçıvan MR Şəhər Bələdiyyələri Assosiasiyasının, respublikanın rayonlarında fəaliyyət göstərən 52 şəhər, Bakı şəhərində 7, Gəncə şəhərində 2 rayon bələdiyyələrinin qərarları ilə, ümumilikdə 1 Assosiasiya və 61 bələdiyyəni birləşdirən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) yaradılması barədə təklif nümayəndələr tərəfindən yekdilliklə qəbul edildi.
Assosiasiyanın Nizamnamə layihəsinin bütün bələdiyyələrdə əvvəlcədən geniş müzakirə olunduğu, verilmiş təkliflərin nəzərə alındığı bildirildi. Nizamnamənin qəbul edilməsi barədə təklif də səsə qoyuldu və müvafiq qərar qəbul olundu.
Sonra AŞBMA-nın rəhbər orqanları seçildi. Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev Assosiasiyanın sədri seçildi. Bildirildi ki, Ə.Babayev Azərbaycan Neft və Kimya İnstitunu, Moskva İdarəetmə İnstitunu bitirmiş, ABŞ-da kurs keçmişdir. Texnika elmləri doktoru, professor, 10-dan çox monoqrafiya və dərs vəsaitinin müəllifi, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvüdür. Əmək fəaliyyətinə Sumqayıtda başlamış, “Sintezkauçuk” zavodunda laborantlıqdan direktor vəzifəsinədək yüksəlmiş, “Azərikimya” Dövlət Şirkətinin vitse-prezidenti vəzifəsində işləmişdir. 2005-ci ildən Sumqayıt şəhər bələdiyyəsinin sədridir.
Sədrin müavinləri, idarə heyəti (11 nəfər), nəzarət-təftiş komissiyası (5 nəfər) seçildi.
Assosiasiya üzvlərinin üzvlük haqlarının məbləğinin bələdiyyə ərazisində yaşayan əhalinin sayına görə müəyyən edilməsi barədə müvafiq qərar qəbul olundu.
Avropa Şurası Konqresinin eksperti Ouen Masters təsis yığıncağının yerli özünüidarəetmə orqanlarının təşkilatlanması istiqamətində əhəmiyyətli mərhələ olduğunu, Assosiasiyanın Nizamnamə layihəsi hazırlanarkən avropalı ekspertlərlə sıx münasibətlər qurulduğunu, onların da təkliflərinin nəzərə alındığını razılıq hissi ilə qeyd etdi, bundan sonra Assosiasiya ilə əməkdaşlığın davam və inkişaf etdiriləcəyini vurğuladı. Qəsəbə və kənd assosiasiyalarının da təsisindən sonra Avropa Şurasının müvafiq təsisatlarının yekun rəyini bildirəcəyini söylədi. Yeni yaradılmış qurumun rəhbərliyini təbrik edən ekspert ölkədə özünüidarə orqanlarının fəaliyyətinin, məlumat mübadiləsinin təkmilləşdirilməsi sahəsində Assosiasiyanın səmərəli işlər görəcəyinə inandığını söylədi.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov çıxışında dedi ki, 7 il əvvəl ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə ölkəmizin ictimai-siyasi həyatına daxil olmuş bələdiyyələr respublikamızda gedən demokratik proseslərdə, nəhəng quruculuq-abadlıq işlərində, regionların sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak edir. Cəmiyyətimizin demokratikləşməsi sahəsində əsası müstəqil dövlətimizin qurucusu Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin nəticəsi olaraq, bələdiyyələrin iş təcrübəsi, habelə şəhər, qəsəbə, kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılması ideyası Avropa Şurasının rəhbər orqanları, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
R.Həşimov bələdiyyələrin öz fəaliyyətini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaratdıqları Milli Assosiasiyanın mövcud problemlərin, qarşıya çıxan çətinliklərin həllində, Yerli Özünüidarə Haqqında Avropa Xartiyasında əks edilmiş prinsiplərin öyrənilməsi, təbliği və yerinə yetirilməsində mühüm xidmətləri olacağına əminliyini bildirdi. O, Prezidentin İcra Aparatının əlaqədar şöbəsinin assosiasiyaların fəaliyyətinə hər cür kömək ediləcəyini vurğuladı, AŞBMA–nın təsis yığıncağında şəffaf şəraitdə seçilmiş rəhbərliyə məsuliyyətli fəaliyyətində uğurlar arzuladı.
Yığıncaqda Milli Məclisin, ədliyyə və xarici işlər nazirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edirdilər.
Təsis yığıncağından sonra idarə heyətinin və nəzarət-təftiş komissiyasının təşkilati məsələlərə həsr olunmuş ilk iclasları keçirildi.