Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102-ci ildönümü ərəfəsində müxtəlif nominasiyalar üzrə müsabiqələr keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasına, sərhəd xidmətinin xüsusiyyətlərinin və əhəmiyyətinin ictimaiyyətə çatdırılmasına yüksək diqqət yetirilir.
Bu tədbirlər çərçivəsində müxtəlif mövzularda müsabiqələrin təşkili xüsusi yer tutur.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102-ci ildönümü ərəfəsində sərhədçilərin Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında göstərdikləri qəhrəmanlıqları tərənnüm edən “Zəfər yürüşlü sərhədçilər” mövzusunda təsviri sənət, bədii ədəbiyyat, qəzet məqaləsi dekorativ-tətbiqi sənət və orta məktəb şagirdləri arasında inşa yazısı nominasiyaları üzrə müsabiqələr keçirilib.
Müsabiqələrdə 300 nəfərdən çox yaradıcı insan, peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlər sırasından ən yaxşıları seçilərək 30 şer, 17 hekayə, 6 qəzet məqaləsi, 48 inşa yazısı, 53 rəsm və 29 dekorativ-tətbiqi sənət işləri müsabiqənin finalına buraxılmış, Təhsil Nazirliyinin, Mətbuat Şurasının, Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.
Avqust ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında qeyd olunan qurumların nümayəndələrinin iştirakı ilə yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Ermənistan üzərində qazandığı Zəfərdən və qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin göstərdikləri rəşadətdən danışıblar. Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə yanaşı, onların intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə dövlətimiz tərəfindən göstərilən qayğı, sərhədçi peşəsinə rəğbət hissinin və həvəsin aşılanmasında bu kimi müsabiqələrin böyük əhəmiyyət kəsb etməsini xüsusi vurğulayıblar.
Mərasimdə qaliblər mükafatlandırılıb, müsabiqəyə təqdim olunmuş təsviri sənət nümunələri nümayiş etdirilib.