“AZƏRBAYCAN TARİXİ”NİN SONUNCU - 7-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Tarixçilərimiz dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır” müdrik kəlamını rəhbər tutaraq, 7 cilddən ibarət “Azərbaycan tarixi”ni elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim etmişlər. Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi “Azərbaycan tarixi”nin sonuncu - 7-ci cildini bu günlərdə çapdan buraxmışdır. MEA-nın Rəyasət heyətinin qərarı ilə yaradılmış Baş redaksiya şurasının rəhbərliyi ilə hazırlanmış və 265 çap vərəqi həcmində yeddicildlik “Azərbaycan tarixi”nin ilk akademik nəşrinin yazılmasında 108 müəllif (əsasən konkret tədqiqatçılar) iştirak etmiş, 5070 mənbədən, 4181 adda ədəbiyyatdan və mətbuatdan istifadə olunmuşdur. Sonuncu cild tariximizin 1941-2002-ci illər dövrünü əhatə edir. Birinci bölmədə İkinci Dünya müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə faşizmə qarşı fədakarlığından, xüsusilə qələbənin həlledici amillərindən biri kimi alman faşizminin bel sütununu qıran Sovet Ordusunun hərbi texnikasını hərəkətə gətirən Bakı neftinin böyük əhəmiyyətindən danışılır. İkinci bölmə Azərbaycanın müharibədən sonrakı dövrünə həsr olunmuşdur. Burada 1945-1980-ci illərdə respublikamızda sosial-iqtisadi inkişaf, ictimai-siyasi həyat, Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası, ictimai-siyasi həyatda deformasiya və dəyişikliklər və sair məsələlər işıqlandırılmışdır. Bu bölmə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyə gəlməsinə həsr olunmuş fəsillə tamamlanır. Burada vətənpərvər, milli təəssübkeş, böyük vətəndaş, müdrik siyasətçi Heydər Əliyevin milli oyanış, iqtisadi və sosial tərəqqi siyasəti sayəsində ölkəmizdəki hərtərəfli inkişaf konkret faktlarla şərh olunur. Xüsusi vurğulanır ki, bu illərdə Azərbaycanda müstəqil və suveren dövlətin ictimai-iqtisadi sahədə və mədəniyyət sahəsində təməli qoyuldu. 1991-2002-ci illəri əhatə edən üçüncü bölmə 4 fəsildən ibarətdir. Bu fəsillərin ana xəttini Prezident Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi sahəsində möhtəşəm tədbirlərin həyata keçirilməsini əks etdirən dərin və əhatəli tədqiqatlar təşkil edir. Cildin sonunda ölkəmizin siyasi həyatını əks etdirən illüstrasiyalar, elm, mədəniyyət və incəsənət xadimlərimizin, müharibələrdə fədakarlıq göstərən qəhrəmanlarımızın foto-şəkilləri də verilmişdir.