AZƏRBAYCAN TASİS-İN REGİONAL PROQRAMLARINDA İŞTİRAKINI DAVAM ETDİRƏCƏKDİR
Ə.Ələkbərov regional əməkdaşlığın genişləndirilməsi üçün TASİS proqramlarının gerçəkləşdirilməsinin əhəmiyyətini vurğulayaraq demişdir ki, hazırda AB-nin yeni “Xəzərətrafı icmaların davamlı inkişafı” layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın sahilyanı bölgələrinin əhalisinə kiçik qrantlar veriləcəkdir. Vəsait iki mərhələdə - 2004-cü ilin payızında və 2005-ci ilin yazında ayrılacaqdır.
Əlaqaləndirmə Bürosunun başçısı demişdir: ”Üçillik layihə alternativ gəlir mənbəyi yaratmaq yolu ilə Xəzər dənizinin sahilyanı bölgələrində brakonyerlik hallarının azaldılmasına və nərə balığının qanunsuz ovlanması qarşısının alınmasına yönəldilmişdir. Güman edilir ki. proqram işləri başa çatdıqdan sonra zaman insan amilinin ətraf mühitə təsiri xeyli azalacaqdır”.
Ə.Ələkbərovun sözlərinə görə, TASİS layihəsinin əməkdaşları yerlərə gedərək, bilavasitə icra hakimiyyəti, bələdiyyə orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə işləyəcəklər.
Regional proqramın ümumi büdcəsi 1,6 milyon avrodur və yaxın günlərdə qrantın 500 min avro məbləğində birinci tranşının ayrılması nəzərdə tutulur.