Azərbaycan Texniki Universiteti məzunların məşğulluq problemlərinə diqqəti artırır
Bakı, 16 noyabr (AZƏRTAC). Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi öz məzunlarının işlə təmin olunması məqsədi ilə mütəmadi olaraq silsilə tədbirlər keçirir. Növbəti belə tədbir “Azərsun Holdinq” şirkətlər qrupunun nümayəndələri ilə universitetin sonuncu kurs tələbələrinin görüşü olmuşdur.
AzTU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bu ali təhsil ocağının prorektoru, professor Mustafa Babanlı bildirmişdir ki, məzunlarımızın məşğulluğunu təmin etmək məqsədi ilə müxtəlif nazirliklərin, şirkət və müəssisələrin kollektivləri ilə əlaqələr möhkəmləndirilir, həmin təşkilatların hansı ixtisaslara tələbatının olduğu müəyyən edilir, iri müəssisə və təşkilatların nümayəndələri ilə görüşlər intensivləşdirilir.
“Azərsun Holdinq”in şöbə müdiri Elçin Əzimli təmsil etdiyi şirkət və onun tabeliyində olan 20-dən çox müəssisənin fəaliyyəti, inkişaf perspektivləri və ixtisaslı mühəndis-texniki kadrlara tələbatı barədə ətraflı məlumat vermişdir. O, elm və texnikanın son nailiyyətləri əsasında yaradılmış yeni texnologiyaları tətbiq etməyi, avtomatlaşdırılmış və mexanikləşdirilmiş axın xətlərini optimal rejimdə işlətməyi bacaran yüksək elmi-texniki potensiala malik kadrlara tələbatın gündən-günə artdığını vurğulamışdır. Qeyd etmişdir ki, hazırda müxtəlif istehsalat sahələrində yüzlərlə belə iş yeri sahibini gözləyir.
Diqqətə çatdırılmışdır ki, “Azərsun Holdinq”in fəaliyyəti kənd təsərrüfatının ayrı-ayrı sahələrini, emal sənayesini, ticarət və logistikanı, qablaşdırma vasitələri istehsalını və digər sahələri əhatə edir. Tələbələrə “Azərsun Holdinq” şirkətlər qrupunda işə qəbul qaydaları barədə də ətraflı məlumat verilmişdir.
Sonda “Azərsun Holdinq”in nümayəndələri tələbələrin suallarını cavablandırmışlar.