Azərbaycan Texnologiya Universitetində Məzun Günü keçirilib






Gəncə, 23 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (ATU) “Coca-Cola” şirkətinin baş sponsorluğu, “Nar” və “Kapital Bank”ın dəstəyi ilə Məzun Günü tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Texnologiya Universitetinin rektoru Yaşar Ömərov builki Məzun Gününün universitetin 55 illiyinə təsadüf etdiyini və bu səbəbdən daha əlamətdar olduğunu vurğulayıb. Rektor bu il məzun olan 750-dən çox gəncin gələcək həyatda, təhsil sahəsində yeni-yeni uğurlara imza atacağına əminlik ifadə edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “Nar" şirkətinin Baş icraçı direktoru Qunnar Panke, valideyn Anar İbrahimov, əlaçı tələbə Aynur Nağıyeva, qazi məzun Babək Həsənov tələbələri təbrik edib, həyatlarının bundan sonrakı mərhələsində uğur və nailiyyətlər arzulayıblar.
Tədbir ən yüksək göstəriciləri olan tələbələrin təltif olunması ilə davam edib. Məzunlara təşəkkürnamə, “Kapital Bank” və “Nar" şirkətləri tərəfindən hədiyyələr verilib.
Tədbirin bədii hissəsində məzun tələbələrin ifasında mahnı və rəqs nömrələri göstərilib.
Məzun Günü Xalq artisti İlqar Muradovun, müxtəlif musiqi qruplarının konsert proqramı ilə davam edib.
Sonda məzunlar Vətənə, xalqa, dövlətə sadiq qalacaqlarına, bundan sonrakı həyatlarında böyük həvəslə çalışaraq layiqli mütəxəssis olacaqlarına and içərək, məzun papaqlarını səmaya atıblar.