Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilmişdir
Bakı, 13 mart (AZƏRTAC, Elçin Hüseynov). Martın 13-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Dünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə respublikamızın dializ mərkəzlərinin, həmçinin özəl dializ mərkəzlərinin həkimləri, Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ və böyrəkköçürmə şöbəsinin əməkdaşları iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan ATU-nun prorektoru, professor İbrahim İsayev bildirmişdir ki, dünya səhiyyəsinin mühüm problemlərindən biri də xroniki böyrək xəstəlikləridir. Buna görə də 2006-cı ildən başlayaraq Amerika Nevroloji Assosiasiyası və Beynəlxalq Böyrək Fondunun təklifi ilə hər il mart ayının ikinci həftəsinin dördüncü günü Dünya Böyrək Günü kimi qeyd olunur.
Diqqətə çatdırılmışdır ki, bu xəstəliyin aradan qaldırılmasına, mövcud sahədə problemin həllinə hər bir ictimai qrup və insan qoşulmalıdır. Yalnız birgə əməkdaşlıq, diqqət və qayqı sayəsində xəstələrə yardım etmək olar.
Bildirilmişdir ki, dünya əhalisinin hər bir milyon nəfərinə 250-400, hətta bəzi ölkələrdə 1000-dən çox xroniki böyrək xəstəsi düşür. Azərbaycanda isə bu rəqəm 200 nəfər təşkil edir. Qeyd olunmuşdur ki, ölkəmizdə 2006-cı ildə Nazirlər Kabineti tərəfindən xroniki böyrək xəstəliyinə dair qəbul olunmuş Dövlət Proqramı bu problemin həlli üçün geniş imkanlar yaratmışdır. Son illərdə regionlarda açılan yeni dializ şöbələri şəhər və rayon əhalisinin dövlət hesabına dializ müalicəsi almasına imkan yaratmışdır.
Sonra akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycanda böyrək əvəzedici terapiyanın 2013-cü il registri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məlumat verilmişdir ki, bu gün Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən 2312 nəfər xəstə vardır. Onlar Azərbaycanın regionlarda yerləşən 23 və Bakıdakı 7 hemodializ mərkəzində dövlət hesabına hemodializlə təmin olunmuşlar. O demişdir:” İnamla demək olar ki, ölkəmizdə hemodializ növbəsi yoxdur. Ümumiyyətlə, xroniki böyrək çatışmazlığı uzun sürən böyrək xəstəliyi nəticəsində əmələ gəlir. Bu tendensiyaya həm dünyada, həm də ölkəmizdə rast gəlinir. Azərbaycanda hemodializ qəbul edən xəstələrin 30 faizə yaxınında böyrək xəstəliyinə səbəb şəkərli diabetdir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də dializ qəbul edən xəstələrin yaş həddi 6 yaşla 82 yaş arasında dəyişir. Statistika göstərir ki, 35-55 yaş arasında olan insanlarda daha çox böyrək çatışmazlığı xəstəliyi qeydə alınmışdır”.
F.Babayev əlavə etmişdir ki, statistika böyrək xəstəliyindən əziyyət çəkən kişilərin qadınlardan 2-3 faiz çox olduğunu göstərir. Bildirilmişdir ki, son illərdə regionlarda, ötən il Sumqayıtda açılan böyük dializ mərkəzlərinin hesabına xəstələrin bu mualicə usuluna tələbatı tam təmin etmək mümkün olmuşdur. Bu il ərzində isə Astara, Tovuz və Ağcabədi rayonlarında yeni 3 mərkəz istifadəyə veriləcəkdir.
Şöbə müdiri böyrək çatışmazlığı xəstəliyinin müalicəsində mövcud problemlərdən də danışmışdır. Demişdir ki, bu sahədə ən böyük problemlərdən biri kadr çatışmazlığıdır. Hazırda dializ müalicəsi ilə məşğul olan 121 həkim vardır ki, bu da bəs eləmir.
Qeyd olunmuşdur ki, ölkəmizdə 1971-ci ildən keçirilən böyrək köçürülməsi əməliyyatları bərpa olunmuşdur. Ölkə üzrə 493 böyrəkköçürmə əməliyyatı aparılmışdır. Bunun 113-ü Mərkəzi Neftçilər Xəstəxanasında keçirilmişdir. Bu xəstəxanada təkcə ötən il 55 böyrək transplantasiyası əməliyyatı aparılmışdır.
Konfransda “Böyrək transplantasiyası və virus hepatitləri”, “Kəskin gestasion pielonefrit”, “Böyrəklərin xroniki xəstəliyi zamanı ürəyin işemik xəstəliyi”, “Uşaqlarda nevrotik sindromun müasir müalicəsi” mövzularında məruzələr dinlənilmişdir.
Sonra məruzələr ətrafında müzakirələr aparılmışdır.