CƏMİYYƏT
Azərbaycan Tibb Universitetində İsrail Tibb Günü keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İsrail Tibb Günü keçirilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilən tədbirdə İsraildən olan tibb mütəxəssisləri, azərbaycanlı həkimlər, tələbə və rezidentlər iştirak ediblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov tədbir iştirakçılarına ali məktəbin fəaliyyəti, əldə olunan nailiyyətlər, tədris sistemi haqqında ətraflı məlumat verib. O, əməkdaşlığın genişlənməsinə xidmət edən tədbirlərin əhəmiyyətini vurğulayaraq belə təşəbbüslərin qarşılıqlı təcrübə mübadiləsi baxımından da önəm kəsb etdiyini qeyd edib. Prorektor 44 günlük Vətən müharibəsi dövründə dəstəyinə görə İsrail hökumətinə minnətdarlığını da bildirib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik çıxışında ölkəsi ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişafından söz açıb, bu tədbiri də ölkələrarası əlaqələrin inkişafına töhfə kimi qiymətləndirib. Səfir tolerant ölkə olan Azərbaycanda yəhudilərin heç bir problem yaşamadığını da dilə gətirib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev da belə elmi tədbirlərin gənc həkimlərin bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Çıxış edənlər İsrail Tibb Gününün təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürlərini çatdırıblar.
Sonra İsraildən gələn mütəxəssislər ATU-nun rezidentləri üçün müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər. Mikki Gideon “Neyrocərrahiyyədə robototexnika”, professor Dani Landau “Uşaq nevrologiyasının müalicəsində yeni metodlar”, Patrik Ştafler “Uşaq pulmonologiyasında innovasiyalar”, İzabella Karakas “Qadınlarda hamiləlik və ətraf mühit arasındakı əlaqə” kimi mövzularda məruzələr səsləndiriblər.
Seminardan sonra israilli mütəxəssislərin Azərbaycan Tibb Universitetinin kafedralarında yerli tibb mütəxəssisləri və rezidentlərlə görüşləri keçirilib.