Azərbaycan Tibb Universitetində leykemiya ilə bağlı müzakirələr aparılmışdır
Bakı, 28 fevral (AZƏRTAC, Elçin Hüseynov). Fevralın 28-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Azərbaycanda leykemiya problemi” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ATU-nun və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda əvvəlcə leykemiya xəstəliyi haqqında film göstərilmişdir.
Konfransda universitetin rektoru, akademik Əhliman Əmiraslanov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev, Türkiyənin Hematoloji Dərnəyinin rəhbəri, professor Süleyman Dinçer, Milli Məclisin deputatları Jalə Əliyeva, Hadi Rəcəbli, Musa Quliyev, Səhiyyə Nazirliyinin nümayəndələri, ATU-nun professorları və kafedra müdirləri iştirak etmişlər.
Çıxışında mövzunun aktuallığından danışan Ə.Əmiraslanov bildirmişdir ki, bu xəstəlik təkcə Azərbaycanda deyil, dünya səhiyyəsində narahatlıq yaradır. Ona görə də ölkəmizdə leykemiyalı xəstələrin hüquqi və sosial durumlarının yaxşılaşdırılması zəruridir. Ancaq bunun üçün Milli Məclisdə yeni qanun qəbul etməyə ehtiyac yoxdur, çünki onkoloji xəstəliklərlə bağlı qanun vardır. Sadəcə bu qanuna əlavə və dəyişikliklər etmək lazımdır.
Leykemiyalı xəstələrin müalicəsi ilə bağlı kadr çatışmazlığını qeyd edən rektor bildirmişdir ki, indi bu problem də həll olunur. Qeyd olunmuşdur ki, Azərbaycanda sümük iliyinə ehtiyacı olan xəstələr çoxdur. Ona görə də sümük iliyi transplantasiyasının da ölkəmizdə keçirilməsinin vaxtı çatmışdır.
“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev isə “Leykemiya ayı” layihəsi haqqında məlumat vermişdir. Bildirmişdir ki, fevralın 20-dən etibarən başlayan layihə martın 20-dək davam edəcəkdir. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda leykemiyalı xəstələrin problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, onların cəmiyyətin ayrılmaz hissələri olduqları barədə ictimai maarifləndirməni təşkil etməkdən ibarətdir.
Sonra Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun həkimləri leykemiya xəstəliyi haqqında və bu xəstəliklə mübarizə istiqamətində ölkəmizdə görülmüş işlər haqqında ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, leykemiya və ya leykoz qan xərçəngidir. Xəstəliyə bütün yaşlarda gəlmək mümkündür. Ötən əsrdə leykoz diaqnozu təsdiqlənən xəstə ölümə məhkum sayılırdı. Bu gün isə dünyanın inkişaf etmiş ölkələrində leykozdan tam sağalma şansı 95 faiz təşkil edir.
Konfrans mütəxəssislərin leykemiya xəstəliyi ilə bağlı məruzələri ilə davam etmişdir.