Azərbaycan Tibb Universitetində ulu öndərin anım günü qeyd olunub
Bakı, 11 dekabr, E.Hüseynov, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən danışılıb.
Unudulmaz şəxsiyyət, dərin zəka sahibi Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə himayədarlıq etdiyini, bu sahədə çalışanlara, xüsusilə səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərdiyini xatırladan ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov ölkəmizdə səhiyyənin inkişafı və tibb kadrlarının hazırlanmasının məhz ulu öndərin adı ilə bağlı olduğunu bildirib.
ATU-nun stomatoloji və onkoloji klinikalarının ümummilli lider Heydər Əliyevin böyük qayğısı sayəsində yaradıldığını diqqətə çatdıran rektor vurğulayıb ki, onun layiqli davamçısı Prezident İlham Əliyevin dəstəyi ilə inşa olunmuş universitetin çoxprofilli terapevtik və cərrahiyyə klinikaları ən müasir avadanlıqla təchiz olunaraq əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir.
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə deyib ki, ölkəmizdə azərbaycançılıq ideologiyasının formalaşması, Azərbaycanın dinamik və sürətli iqtisadi inkişafını təmin edən neft strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi sayəsində mümkün olub. Azərbaycan bu gün onun qurduğu fundament üzərində sürətlə inkişaf edir. Bu gün də Ulu Öndərin müəyyənləşdirdiyi siyasətə xalqın böyük etimadı vardır. Çünki bu siyasət Vətənə və xalqa xidmət edir.
Akademik Adilə Namazova və digər çıxış edənlər də Azərbaycan tarixində misilsiz xidmətləri ilə iz buraxmış ulu öndər Heydər Əliyev haqqında söz açaraq, onun böyük dövlət xadimi, dünyanın nadir, seçilən siyasət adamı olduğunu vurğulayıblar.