Azərbaycan Tibb Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 24 fevral, Günel Məlikova, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəyli bu faciəyə ilk hüquqi qiymətin ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini xatırladıb. Bildirilib ki, bu soyqırımının ildönümü hər il Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd edilir. Azərbaycan xalqı son 200 il ərzində ermənilərin böyük Ermənistan qurmaq xülyalarının qurbanı olub. 1988-ci ildən etibarən erməni faşistlərinin apardığı siyasətin nəticəsində bir milyona yaxın həmvətənimiz öz doğma torpaqlarından didərgin düşüblər. Xocalı faciəsi yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş tarixi cinayətdir. Biz bu tarixi yaşamışıq. Qədim tarixə malik Xocalı şəhərinin əhalisi dörd aylıq blokada sonra qətlə yetirilib. Bu faciədə rəsmi məlumatlara əsasən 613 dinc soydaşımızın ermənilər tərəfindən xüsusi qəddarlıqla öldürülüb, səkkiz ailə tamamilə məhv edilib.
Digər çıxış edənlər faciə qurbanlarının məruz qaldığı xüsusi amansızlıq və işgəncələr barədə danışıb, bu tarixlə bağlı xatirələrini bölüşüblər.