Azərbaycan Tibb Universitetinin Avrasiya Universitetlər Birliyinə üzvlük məsələsi müzakirə olunub
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycanda səfərdə olan Avrasiya Universitetlər Birliyinin (EURAS) nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Universitet rəhbərliyi ilə görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, universitetin Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev nümayəndə heyətinə qocaman ali məktəbin tarixi, inkişafı, müasir dövrdə fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki,1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılan ali tədris ocağı özündə bir əsrə yaxın tarixi əhatə edir.
Prorektor S.Əliyevin sözlərinə görə, hazırda 7 mindən çox tələbənin təhsil aldığı ATU-nun 6 fakültəsi fəaliyyət göstərir: “Tədris sistemində ciddi dəyişikliklər aparılır, proqramlar digər ölkələrdəki universitetlərin proqramları ilə uyğunlaşdırılır ki, gələcəkdə tələbələrimiz rotasiyalarda çətinlik çəkməsinlər. ATU həmçinin xarici tələbə sayına görə də seçilir. Belə ki, universitetimiz xarici tələbə sayına görə ölkədə 1-ci yerdədir. Universitetdə 30 ölkədən 2300-dən çox xarici tələbə təhsil alır”.
Professor Sabir Əliyev qonaqlara, həmçinin ATU-nun dörd klinikası - Tədris Stomatoloji, Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının fəaliyyəti haqqında da məlumat verib. Qeyd edib ki, tələbələrin tədrisi üçün hər cür şərait yaradılan bu klinikalarda tədris treninq mərkəzləri, kompüter zalları, dərs otaqları, müasir texnologiyalarla təchiz olunmuş əməliyyatxanalar mövcuddur. Klinikalarla yanaşı, universitetin 6 tədris binası, inzibati binası, 6 tələbə yataqxanası, böyük idman kompleksi, Nabranda yerləşən "Təbib" istirahət mərkəzi var”.
Prorektor Sabir Əliyev nümayəndə heyətinə Azərbaycanın tarixində yaşanan əlamətdar hadisə - torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müharibə haqqında da danışaraq, bu əməliyyatlarda ATU-nun hərbi fakültəsinin məzunlarının xüsusi fədakarlıq və qəhrəmanlıq göstərdiyini vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri, Avrasiya Universitetlər Birliyinin baş katibi, İstanbul Aydın Universitetinin beynəlxalq əlaqələr departamentinin məsul katibi Səbinə Hüseynova Birliyə 55 ölkədən 125 universitetin üzv olduğunu, bu məktəblərin hər birinin qurumun fəaliyyətində aktiv iştirak etdiyini, müxtəlif tədbirlər, elmi toplantılar və müzakirələrin təşkil olunduğunu bildirib.
S.Hüseynova 41 min tələbəsi, böyük kampusları, tibb fakültəsi olan İstanbul Aydın Universitetinin ATU ilə əlaqələrin inkişafına ehtiyac olduğunu vurğulayıb. İki universitet arasında əməkdaşlığa dair sazişin bağlandığını xatırladan S.Hüseynova bu sənəd əsasında görüləcək işlərin gücləndirilməsini vacib sayıb.
Sonda Azərbaycan Tibb Universitetinin də Avrasiya Universitetlər Birliyinə üzvlük məsələsi müzakirə olunub.
Görüşdə ATU-nun Ümumi işlər üzrə prorektoru Tahir Vəliyev, Xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov, Avrasiya Universitetlər Birliyinin Gənc səfiri Fərid Şahbazlı iştirak ediblər.
Sonra nümayəndə heyətinin üzvləri ATU-nun Tədris Cərrahiyyə Klinikasını ziyarət ediblər. Klinikanın direktoru, professor Surxay Hadıyev tədris prosesinin gedişi və pasiyentlərin keyfiyyətli müalicəsi üçün yaradılan şəraitlə qonaqları tanış edib.