CƏMİYYƏT
Azərbaycan Tibb Universitetinin ilk klinikası
Bakı, 27 may (AZƏRTAC). Azərbaycan Tibb Universitetinin (ATU) Stomatoloji Klinikası 2002-ci ilin sentyabr ayında yaradılmışdır. Universitetin nəzdində açılan ilk klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, stomatoloji klinika ərazisi 5 min 40 kvadratmetr olan dördmərtəbəli binada yerləşir. Bina 138 kabinetdən və monitorlarla təchiz olunmuş 3 mühazirə zalından ibarətdir.
Klinikanın direktoru Alqış Səfərovun sözlərinə görə, ATU-nun stomatologiya fakültəsinin bütün profil kafedraları bu müəssisədə yerləşir. Ümumilikdə klinikada 6 kafedra və 9 şöbə yerləşir. Bütün tədris və həkim kabinetləri Fransada, Almaniyada, Yaponiyada, Türkiyədə istehsal olunmuş ən müasir diaqnostika-müalicə avadanlıqları ilə təchiz olunmuşdur.
Klinikanın rentgen-diaqnostika şöbəsi 2011-ci ildə Yaponiyanın “Maritta” firmasının modern rəqəmsal rentgen avadanlıqları ilə təchiz edilmişdir. Bu şöbədə tələbələr və həkimlər üçün kompyuterlə təchiz olunmuş tədris rentgen-diaqnostika kabineti açılmışdır.
Klinikanın diş texniki laboratoriyalarının avadanlıqları və materialları da ən müasirləri ilə əvəz olunmuşdur. Bu gün laboratoriyada metal-keramika, metalsız-keramika, vinirlər, metal-plastmas, kompozit plastmas, çıxan akril və termoplast protezlər, bügel protezlər ən yüksək tələblərə cavab verən keyfiyyətdə hazırlanır.
Həkim-stomatoloq hazırlığı məqsədilə klinikada, həmçinin tələbələr üçün yeni Stomatoloji tədris mərkəzi istifadəyə verilmişdir. Mərkəzdə 20 stomatoloji qurğudan ibarət klinik zal, 2 fantom kabineti, sterilizasiya otağı və s. yerləşir. Burada tələbələr müəllim və rezidentlərlə birlikdə xəstə qəbul edə bilir, konsultativ və müalicə işlərini sərbəst yerinə yetirməklə manual vərdişlərini təkmilləşdirirlər.
Klinikada 260-dan çox professor-müəllim, həkim-stomatoloq və köməkçi heyət işləyir. Eyni zamanda, klinikada stomatologiya üzrə 17 həkim-rezident təhsilini davam etdirir.
Universitet tərəfindən klinikaya çəkilmiş kabelli internetdən bütün binada müəllimlər və tələbələr istifadə edirlər. Stomatologiyada istifadə olunan dərman və ləvazimatlar isə ən müasir standartlara cavab verən aparıcı şirkətlərin məhsullarıdır.
Klinikanın əməkdaşları son 5 il ərzində respublikada və xaricdə keçirilən 300-dən çox beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişlər. Dünyada stomatologiya üzrə hər bir yenilik klinika əməkdaşlarına çatdırılır və tədris məşğələlərində istifadə olunur. Eyni zamanda, ATU-nun Stomatoloji Klinikası Türkiyənin bütün universitetləri ilə, Amerika, Almaniya, Fransa, İtaliya, Rusiya, Ukrayna və Gürcüstanın qabaqcıl universitetlərinin stomatoloji klinikaları ilə əlaqələr saxlayır.
Hazırda Stomatoloji Klinikada 900-dək tələbə təhsil alır.