Azərbaycan Tibb Universitetinin rezidentləri Ankarada təcrübə keçəcəklər
Oktyabrın 24-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris - Cərrahiyyə Klinikasında Türkiyənin keçmiş səhiyyə naziri Recep Akdağ ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Görüşdə akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi universitetin fəaliyyəti, eləcə də ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş klinikaları haqqında məlumat verib. Bildirib ki, hər il universitetə 1000-ə yaxın tələbə qəbul olunur. Diqqətə çatdırılıb ki, hazırda universitetin 7000-dən çox tələbəsi arasında 18 ölkənin vətəndaşları da var ki, bunların da böyük əksəriyyəti qardaş Türkiyədəndir.
Rektor ATU-da mövcud rezidentura üzrə təhsil sistemindən danışıb, rezidentlərin bir çox xarici ölkələrdə, o cümlədən Türkiyədə də təcrübə keçdiklərini bildirib, bu sahədə qonşu dövlətlə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətində olduqlarını da açıqlayıb.
Recep Akdağ isə ATU-nun Tədris - Cərrahiyyə Klinikasının işi ilə tanış olduğunu, burada xəstələr və tibbi heyət üçün yaradılmış şəraitdən məmnun qaldığını söyləyib. O, Tibb Universiteti rezidentlərinin Türkiyədə təcrübə keçmələrinə hazır olduqlarını bildirib.
ATU rezidentlərinin Türkiyənin paytaxtı Ankara şəhərindəki bəzi klinikalara göndərilməsi haqqında razılıq əldə olunub.