SİYASƏT
Azərbaycan-Türkiyə münasibətləri bütün sahələr üzrə strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir
Bakı, 30 aprel (AZƏRTAC). Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşqun ilə görüş keçirilmişdir.
Şuradan AZƏRTAC-a bildirmişlər ki, görüşdə səfir Azərbaycan və Türkiyə rəhbərlərinin siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və bunun dünyaya müttəfiqlik örnəyi olduğunu vurğulamışdır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində daim artan gücü ilə Türkiyəyə böyük dəstək verdiyini diqqətə çatdıran diplomat ölkəmizdə ictimai sektorun və Şuranın fəaliyyəti ilə də yaxından maraqlandıqlarını qeyd etmişdir.
Qardaş ölkələrimiz arasında əlaqələrin dərin tarixi və mədəni köklərə söykəndiyini bildirən Şura sədri Azay Quliyev bu münasibətlərin strateji xarakter daşıdığını demişdir. Hər iki ölkənin ortaq maraqlarının və problemlərinin mövcudluğunu diqqətə çatdıran Azay Quliyev vətəndaş cəmiyyəti sahəsində münasibətlərin daha da inkişafı üçün böyük potensialın olduğunu və bunun konkret sənədlərə əsaslanmasının vacibliyini vurğulamışdır.
Azay Quliyev Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində ötən il Türkiyənin dörd təşkilatının layihəsinin maliyyələşdirildiyini bildirmişdir. O, Şuranın dəstəyi ilə keçirilən xarici layihələrin Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr edildiyini demişdir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında QHT sahəsində anlaşma memorandumunun imzalanması, iki ölkənin vətəndaş cəmiyyətlərinin birinci forumunun keçirilməsi və ortaq layihələrin dəstəklənməsi ilə bağlı təkliflər səsləndirmiş, müzakirələr aparılmışdır.