Azərbaycan-Türkmənistan tərəfdaşlığı regionun geoiqtisadi xəritəsini formalaşdırır ŞƏRH
Bakı, 24 iyun, AZƏRTAC
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri fonunda Azərbaycan-Türkmənistan münasibətlərinin perspektivləri xüsusi diqqət mərkəzindədir. Bu gün iki ölkə arasında əməkdaşlıq klassik ikitərəfli diplomatik münasibətlər çərçivəsini aşaraq Xəzər hövzəsinin, Mərkəzi Asiyanın və Cənubi Qafqazın gələcək geoiqtisadi xəritəsinə təsir edən strateji tərəfdaşlıq modelinə çevrilməkdədir.
Bunu AZƏRTAC-a açıqlamasında ekspert Əbülfəz Babazadə bildirib.
“Azərbaycan-Türkmənistan əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Qlobal ticarət marşrutlarının geosiyasi böhranlar, müharibələr və sanksiyalar fonunda yenidən formalaşdığı bir dövrdə Xəzər üzərindən keçən Şərq-Qərb nəqliyyat xəttinin əhəmiyyəti daha da artır.
Azərbaycan Qərbə açılan etibarlı qapı, Türkmənistan isə Mərkəzi Asiyanın Xəzərə çıxışında əsas dayaq nöqtələrindən biridir. Limanlar, dəmir yolu şəbəkələri, dəniz daşımaları, gömrük prosedurları və rəqəmsal tranzit sistemləri üzrə koordinasiya Orta Dəhlizin real potensialını daha da gücləndirir. Burada söhbət yalnız yükdaşımaların artmasından deyil, yeni iqtisadi cazibə mərkəzinin formalaşmasından gedir”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, enerji əməkdaşlığı da münasibətlərin əsas sütunlarından biridir. "Hər iki ölkə zəngin enerji resurslarına malik olmaqla yanaşı, Xəzər hövzəsində formalaşmış mühüm enerji təcrübəsinə sahibdir. Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusunu möhkəmləndirib, Türkmənistan isə dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələrdən biri kimi enerji bazarlarının şaxələndirilməsində mühüm rol oynaya bilər.
Bu baxımdan, Bakı ilə Aşqabad arasında enerji dialoqunun dərinləşdirilməsi həm iki ölkə üçün iqtisadi dividendlər yaradır, həm də Xəzər hövzəsinin qlobal enerji arxitekturasındakı mövqeyini gücləndirir. Perspektivdə elektrik enerjisi, bərpaolunan enerji, neft-qaz xidmətləri, gəmiçilik və enerji infrastrukturunun inteqrasiyası da əməkdaşlığın mühüm istiqamətlərinə çevrilə bilər”, – deyə Əbülfəz Babazadə bildirib.
Ekspert üçüncü vacib istiqamət kimi ticarət, sənaye və istehsal kooperasiyasını qeyd edib: "Türkmənistanın kimya və tekstil sənayesi ilə Azərbaycanın sənaye parkları, logistika imkanları, liman infrastrukturu və azad iqtisadi zonaları bir-birini tamamlayan potensiala malikdir. Bu imkanlardan səmərəli istifadə olunarsa, tərəflər xammal mübadiləsindən daha yüksək əlavə dəyər yaradan istehsal zəncirlərinə keçə bilərlər. Xəzərin hər iki sahilində birgə müəssisələrin, emal sahələrinin, aqrar-logistika mərkəzlərinin və ixracyönümlü sənaye layihələrinin yaradılması münasibətlərin iqtisadi əsaslarını daha da möhkəmləndirəcək".
Əbülfəz Babazadə humanitar və mədəni əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Mədəniyyət günləri, təhsil proqramları, gənclər mübadiləsi, şəhərlərin qardaşlaşması və ortaq mədəni irsin təbliği xalqlar arasında etimadı daha da möhkəmləndirən mühüm yumşaq güc elementləridir. Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi qardaş ölkənin Azərbaycanın bərpa-quruculuq prosesinə və Qarabağın dirçəldilməsinə verdiyi dəstəyin bariz nümunəsidir.
“Bu gün formalaşan əməkdaşlıq modeli təkcə iki ölkənin milli maraqlarına xidmət etmir. Eyni zamanda, Avrasiya məkanında yeni nəqliyyat marşrutlarının, enerji təhlükəsizliyinin və regional inteqrasiyanın inkişafına mühüm töhfə verir”, – deyə ekspert əlavə edib.