Azərbaycan “Turkmentel-2023” XVI Beynəlxalq forumunda təmsil olunacaq
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 9-10-da Aşqabadda “Turkmentel-2023” XVI Beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradio yayımı avadanlıqları sərgi və elmi konfransı keçiriləcək.
AZƏRTAC Türkmənistan KİV-ə istinadla xəbər verir ki, tədbirdə dünyanın 30 ölkəsindən 80 şirkətin 200 nümayəndəsinin iştirakı gözlənilir. Texnoloji forumun iştirakçıları arasında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Rusiya, ABŞ, Fransa, Finlandiya, Türkiyə, Latviya, Monako, Niderland, Almaniya, İsveçrə, Avstriya, Yaponiya, İsveç, Böyük Britaniya, Tailand, Hindistan, Pakistan, Belarus, Çin və Birləşmiş Ərəb Əmirlikləri olacaq.
Forum çərçivəsində keçiriləcək tədbirlərdə alimlər, ekspertlər, biznesmenlər, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Onlar rəqəmsal transformasiya, kibertəhlükəsizlik, peyk rabitə texnologiyaları, həmçinin rəqəmsal inkişaf sahəsində dövlət strategiyası məsələlərini müzakirə edəcəklər.
Elmi konfransın işində Beynəlxalq Elektrorabitə İttifaqının (ITU), Domen adları və IP-ünvanlarının idarə edilməsi üzrə Korporasiyanın (ICANN), Regional Rabitə Assosiasiyasının, BMT-nin Türkmənistandakı Daimi nümayəndəliyinin təmsilçilərinin, habelə “Nokia”, “Huawei”, “Eastwind”, NEC kimi proqram təminatı istehsalçıları və tərtibçilərinin nümayəndələrinin iştirakı gözlənilir.
Bununla yanaşı, proqram təminatının hazırlanması və milli iqtisadiyyatda tətbiqi üçün geniş potensiala malik ixtiralarla məşğul olan gənclərin üzə çıxarılması və həvəsləndirilməsi, ölkənin rəqəmsal ekosisteminin inkişafına töhfə verən yeni startapların yaradılması məqsədilə təşkil olunan “Rəqəmsal həll - 2023” növbəti müsabiqəsinə yekun vurulacaq. Hazırkı müsabiqəyə müxtəlif istiqamətlər üzrə 317 layihə daxildir.