Azərbaycan tütünə nəzarət üzrə 6-cı Avropa konfransında təmsil olunmuşdur
Bakı, 3 aprel (AZƏRTAC). İstanbulda Avropa Onkoloji Liqalar Assosiasiyasının dəstəyi ilə tütün və sağlamlıq üzrə 6-cı Avropa konfransı keçirilmişdir.
Beynəlxalq konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etmişdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfrans tütünçəkmənin qarşısının alınması, bu vərdişdən imtina, tütün məhsullarının tənzimlənməsi və zərərin azaldılması strategiyaları, “Tütünə qarşı mübarizə haqqında” Dünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası məsələlərini də əhatə etmişdir.
“Tütünsüz Avropa və dünyaya doğru” şüarı ilə keçirilən konfransda Avropada tütünə nəzarət təcrübəsinə nəzər yetirilmiş, tütünlə mübarizədə nailiyyətlər və problemlər açıqlanmışdır. Həmçinin tütün məmulatlarının marketinqinin vəziyyəti, problemə qarşı cavab tədbirləri, tütünün zərərləri ilə siyasi, hüquqi və elmi çərçivədə mübarizə yollarından söhbət açılmışdır.
Bundan başqa, tütün məmulatlarının qablaşdırılması, sağlamlığa dair xəbərdarlıqlar, tütün məmulatlarının satışına dair məhdudiyyətlər, tütün məhsullarına qoyulan vergilərə maliyyə nazirliklərinin yanaşması barədə təqdimatlar olmuşdur.
T. Musayevin “Azərbaycanda gənclərin tütündən istifadəsi” mövzusunda poster təqdimatını konfrans iştirakçıları böyük maraqla qarşılamışlar.