AZƏRBAYCAN “UKRAYNA EVİ”NDƏ LAYİQİNCƏ TƏMSİL OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 10-da “Ukrayna evi” İşgüzar və Mədəni Əməkdaşlıq Mərkəzində Birinci Milli telekanalın Ukraynada yaşayan etnos və xalqlardan söhbət açan “Bizim aramızda...” layihəsinin təqdimatı olmuşdur. Ukrayna telejurnalistləri ilk olaraq etnik azərbaycanlılardan söhbət açmaq qərarına gəlmişlər.
Gecədə tam heyətlə iştirak edən Azərbaycanın Kiyevdəki səfirliyi konsertə Ukraynanın əməkdar artisti Qurban Abbasovu dəvət etmişdi. Q.Abbasov milli geyimdə “Azərbaycan” mahnısını ana dilimizdə məharətlə ifa etdi.
Çəkilişi tamamlanmış və ekranlara may ayında çıxacaq “Azərbaycanlılar Ukraynada” videofilminin həmmüəllifi və redaktoru Lesya Bodnar xalqımız haqqında çoxlu səmimi sözlər deyərək vurğuladı ki, “azərbaycanlıları qəlbən duymaq lazımdır”. Televiziya layihəsinin müəllifi Xristina Stebelnaya da elə bu barədə danışdı.
Azərbaycan diplomatları xalqımızın özgür mədəniyyətini və incəsənətini əks etdirən rəngarəng stendlər təşkil etmiş, milli musiqi alətlərimizdən və əlvan xalılarımızdan ibarət ekspozisiya hazırlamışdılar.
Zəngin və geniş çeşiddə poliqrafiya məhsulu gecə iştirakçılarının böyük marağına səbəb oldu. Burada ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev haqqında kitablar, Ukrayna dilində iki cildlik “Azərbaycan poeziyası antologiyası”, “Azərbaycan xalq nağılları” kitabları vardı.
Tədbirdə zəngin milli mətbəximiz də layiqincə təmsil olunmuşdu. Qonaqlar böyük məmnuniyyətlə ətirli plovun, təndirdə bişirilmiş quzu ətinin, ləzzətli kababın və lavaşa bükülmüş lülə-kababın, əla konyak və şərabların dadına baxdılar, armudu stəkanlara süzülmüş ətirli Azərbaycan çayı ilə bənzərsiz paxlava və şəkərbura, Azərbaycandan məxsusi gətirilmiş meyvə və giləmeyvələrdən hazırlanmış kompozisiya onları heyran qoydu.