Azərbaycan Universiteti İtaliyada keçirilən beynəlxalq tədbirdə təmsil olunub
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Universitetinin nümayəndə heyəti İtaliyanın Tuscia Universiteti tərəfindən təşkil olunan və bu il 7-ci dəfə keçirilən “International Staff Week 2026” beynəlxalq həftə proqramında iştirak edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib.
Universiteti tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və Təlim-Tədris Mərkəzinin rəhbəri Samir Salayev təmsil ediblər. “Süni intellekt, inklüzivlik və ali təhsildə davamlılıq” mövzusuna həsr olunan tədbirin açılış mərasimində Tuscia Universitetinin rektoru, professor Tiziana Laureti çıxış edərək, beynəlxalq əməkdaşlığın ali təhsil sistemində artan əhəmiyyətini vurğulayıb. Tədbir çərçivəsində universitetin müxtəlif struktur bölmələrinin nümayəndələri – Karlo Kontardo, Felicetta Ripa, Angela Fattoretti və Melissa Elefante tərəfindən iştirakçılara Tuscia Universitetinin fakültələri, beynəlmiləlləşmə strategiyası və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat təqdim olunub.
Sessiyalar zamanı mobillik layihələri, beynəlxalq əməkdaşlıq imkanları, eləcə də ikili diplom proqramları müzakirə edilib. Beynəlxalq həftə çərçivəsində keçirilən görüş və panel sessiyalarında süni intellekt texnologiyalarının təhsildə inklüzivliyin artırılması, əlçatanlığın genişləndirilməsi və davamlı inkişaf məqsədlərinə töhfəsi ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, yeni texnologiyaların tətbiqi ilə bağlı yaranan etik və sosial çağırışlar müzakirə olunub. Azərbaycan Universitetinin nümayəndə heyətinin tədbirdə iştirakı ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, akademik tərəfdaşlıqların inkişaf etdirilməsi və universitetin qlobal akademik şəbəkədə mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və strateji fəaliyyətlərin tərkib hissəsidir.
Qeyd edək ki, “International Staff Week” proqramı Avropanın müxtəlif ölkələrindən olan universitetlərin akademik və inzibati heyət üzvlərini bir araya gətirərək ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə, idarəetmə və kommunikasiya sahələrində qabaqcıl təcrübələrin paylaşılmasına, müəllim və tələbə mobilliyinin təşviqinə, beynəlxalq şəbəkələşmənin genişləndirilməsinə və yeni birgə layihələrin formalaşdırılmasına xidmət edir.