AZƏRBAYCAN UŞAQLARININ I FORUMUNA HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 23-24-də Bakıda “NUR” Uşaq və Gənclərin İctimai Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının I Forumu keçiriləcəkdir.
Noyabrın 19-da forumla bağlı mətbuat konfransı keçirilmişdir.
“NUR” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova bildirmişdir ki, tədbirdə respublikanın 56 rayon və şəhərindən 250 uşaq iştirak edəcəkdir. Forumun iştirakçıları əsasən valideyn himayəsindən məhrum olmuş, fiziki məhdudiyyətləri olan, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, müəyyən xəstəliklərdən əziyyət çəkən uşaqlar olacaqdır.
S.Muradova məlumat vermişdir ki, tədbirin məqsədi ictimaiyyətin diqqətini uşaqların problemlərinə yönəltməkdir.
Tədbirdə uşaqların müdafiəsi və inkişafına dair qazanılan təcrübələr, qarşıya çıxan maneələr, mövcud problemlər, zəruri tədbirlər müzakirə olunacaq, forumun bəyannaməsi qəbul ediləcəkdir.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova 2009-cu ilin “Uşaq ili” elan olunmasının əhəmiyyətindən danışmışdır.
Bildirilmişdir ki, Azərbaycan Uşaqlarının I Forumu “Uşaq ili”nin yekunlarına və Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr olunmuşdur. Forum uşaqların sərbəst şəkildə öz problemlərindən danışmalarına, təkliflərini irəli sürmələrinə imkan yaradacaqdır. Gələn il forumun beynəlxalq səviyyədə qeyd olunması planlaşdırılır.