AZƏRBAYCAN VƏ ABŞ ARASINDA MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Martın 28-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində müdafiə sahəsində ikitərəfli Azərbaycan-ABŞ məsləhətləşmələrinin birinci sessiyası həmsədrlərinin birgə bəyanatının imzalanması mərasimi olmuşdur.
Bəyanatı Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini general-mayor Eyvaz Cəfərov, Amerika Birləşmiş Ştatları tərəfindən bu ölkənin müdafiə nazirinin Avrasiya ölkələri üzrə köməkçisinin müavini xanım Mira Rikardel imzaladılar.
Milli təhlükəsizlik, ərazi bütövlüyü və suverenliyin qarşılıqlı surətdə möhkəmləndirilməsində ümumi maraqları təsdiqləyərək, 11 sentyabr hadisələrində Azərbaycanın ABŞ-a göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edərək, Bakıda müdafiə sahəsində ikitərəfli Azərbaycan-ABŞ məsləhətləşmələrinin birinci sessiyasının nəticəsi kimi imzalanmış bu sənədin məqsədi müdafiə idarələri arasında əməkdaşlıq sahələrini müəyyənləşdirməkdən ibarətdir.
Sənəddə sülhməramlı bölmələr də daxil olmaqla, hər iki tərəfin hərbi hissələri arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin inkişafı və möhkəmləndirilməsi, dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin imkanlarının genişləndirilməsi, Azərbaycanın təyyarə meydanlarının və hava məkanının idarə olunmasına nəzarət sisteminin standartlaşdırılması barədə razılığa gəlinmişdir. Bu işlərin dəstəklənməsi üçün Azərbaycan və ABŞ ehtiyacların müəyyənləşdirilməsi, təlim və təhsil də daxil olmaqla, təhlükəsizlik sahəsində yardım göstərilməsi üzrə proqramların yaradılmasına başlamaq üçün ekspert qruplarının mübadiləsini planlaşdırırlar. Gələcəkdə Azərbaycanın Müdafiə Nazirliyi və ABŞ-ın Avropa komandanlığı arasında Hərbi əlaqələr planı da imzalanacaqdır.
Xarici hərbi maliyyələşdirmə, Beynəlxalq hərbi təhsil və təlim proqramları xətti ilə dəstəyə ehtiyacı olan müdafiə layihələri sahəsində üstün istiqamətlərin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Müdafiə Nazirliyinin və ABŞ-ın Hərbi Attaşelik ofisinin nümayəndələrindən ibarət müştərək komitə yaradılması qərara alınmışdır. Tərəflər qeyd etmişlər ki, onların müdafiə sahəsində əməkdaşlığı Azərbaycan və ABŞ hökumətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın mühüm elementi kimi inkişaf edəcəkdir.
Müdafiə sahəsində məsləhətləşmə qrupunun növbəti sessiyasının 2003-cü ilin yazında Vaşinqtonda keçirilməsi haqqında razılıq əldə olunmuşdur.
Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev və Amerika Birləşmiş Ştatları müdafiə nazirinin Avrasiya ölkələri üzrə köməkçisinin müavini xanım Mira Rikardel qısa brifinq keçirərək, jurnalistlərin suallarına cavab verdilər.