AZƏRBAYCAN VƏ AVSTRİYA İŞ ADAMLARININ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Dekabrın 4-də “Avropa” mehmanxanasında Avstriya nümayəndə heyəti üzvlərinin yerli iş adamları ilə ikitərəfli görüşləri olmuşdur.
Tədbiri Avstriyanın Moskvadakı səfirliyinin iqtisadiyyat məsələləri üzrə müşaviri Yohan Kauzl açaraq, bu cür görüşlərin əhəmiyyətini vurğulamışdır.
Azərbaycan və Avstriya iş adamları arasında bundan əvvəl də bir neçə dəfə görüş keçirildiyini diqqətə çatdıran iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirmişdir ki, bu cür əməkdaşlıq ölkələrimizin inkişaf edən münasibətlərinə müsbət təsir göstərir.
Nazir müavini bu yaxınlarda Azərbaycan-Avstriya hökumətlərarası komissiyanın Bakıda keçirilən dördüncü iclasında da ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələsinin müzakirə edildiyini demişdir.
Azərbaycanın iqtisadi vəziyyəti barədə məlumat verən N.Səfərov bildirmişdir ki, həyata keçirilən irimiqyaslı islahatlar nəticəsində iqtisadiyyatda mühüm uğurlar əldə olunmuşdur. Hazırda Azərbaycan ümumi daxili məhsulun (ÜDM) artım səviyyəsinə görə dünyada lider ölkədir. Azərbaycan əhalinin hər nəfərinə düşən sərmayələrin həcminə görə də qabaqcıl yerlərdən birini tutur. Ölkə iqtisadiyyatına daha çox investisiya cəlb etmək məqsədi ilə biznes mühiti yaxşılaşdırılmışdır.
Neft ölkəsi kimi tanınan Azərbaycanda qeyri-neft sektorunun inkişafının hökumətin diqqət mərkəzində olduğunu söyləyən nazir müavini, bu məqsədlə xüsusi proqramlar icra edildiyini diqqətə çatdırmış, xarici iş adamlarının Azərbaycana sərmayə yatırmalarını təşviq etmək məqsədi ilə “Azərbaycan İnvestisiya Şirkəti” QSC yaradılmışdır.
N.Səfərov avstriyalı iş adamlarının Azərbaycanda bizneslə məşğul olmaları üçün hökumətin hər cür dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Tədbir iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirilmiş, bir neçə şirkət arasında əməkdaşlığa dair ilkin razılıq əldə olunmuşdur.