AZƏRBAYCAN VƏ BOLQARISTAN PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV Boqarıstan Prezidenti Georgi Pırvanovu və səfərdə onu müşayiət edən nümayəndə heyətinin üzvlərini salamlayaraq dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.
Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminik ki, bu səfərdən sonra iki ölkə arasında olan münasibətlər daha da inkişaf edəcəkdir. Həm iqtisadi, həm siyasi, həm mədəni, həm də digər sahələrdə münasibətlərin inkişafı üçün çox gözəl zəmin vardır. Hökumətlərarası komissiya da öz işini davam etdirir və əminəm ki, orada müzakirə olunan məsələlər ölkələrimizi iqtisadi baxımdan bir-birinə daha da yaxınlaşdıracaqdır.
Onu da qeyd etmək istəyirəm ki, ATƏT-in sədri kimi Bolqarıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində çox böyük səylər göstərir. Biz bunu çox bəyənirik və bu səylərə görə sizə öz təşəkkürümüzü bildiririk. Bir sözlə, mən ümid edirəm ki, bu səfərdən sonra bütün sahələrdə bizim əməkdaşlığımız daha da sürətlə inkişaf edəcək və Bolqarıstanla Azərbaycan arasında ikitərəfli münasibətlər daha da genişlənəcəkdir. Bilirsiniz ki, bu yaxınlarda Bolqarıstanda Azərbaycan səfirliyi öz işinə başlayacaqdır, bu da öz növbəsində, əlaqələrin daha da sürətlə inkişaf etməsinə imkan verəcəkdir.
Bir daha Sizi ürəkdən salamlayıram. Əminəm ki, bu səfər çox uğurlu olacaq və əlaqələrimiz yeni pilləyə qalxacaqdır.
Bolqarıstan Prezidenti GEORGİ PIRVANOV səmimi qəbula və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin başçısına təşəkkür edərək dedi:
- Hörmətli cənab Prezident, icazə verin, ilk növbədə, dəvətə və ölkənizə gəlmək imkanına görə Sizə təşəkkür edim. Mən bu fikirdəyəm ki, münasibətlərimiz indiki siyasi əlaqələrə nisbətən daha güclü potensiala malikdir. İnanıram ki, dövlət başçıları kimi biz münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizin gücləndirilməsi istiqamətində Bolqarıstanın və Azərbaycanın digər təsisatlarına dəqiq və aydın siqnal verə, nümunə göstərə bilərik. Mən hökumətlərarası komissiyanın işindən razıyam və inanıram ki, komissiya Azərbaycana səfərimiz başa çatanadək işini yaxşı yerinə yetirəcəkdir.
Hüquqi bazanın yaradılması və modernləşdirilməsi üzərində indi – səfərim çərçivəsində də işləmək və bunu gələcəkdə də davam etdirmək mənim üçün çox əhəmiyyətlidir. Sazişlərin imzalanmasında iştirak etməyimiz və mərkəzi, yerli hakimiyyət orqanları nümayəndələrinin bu prosesə qoşulması faktının özü çox rəmzidir.
Cənab Prezident, iqtisadi münasibətlərimizdəki əlverişsiz vəziyyətin səbəblərini çox diqqətlə təhlil etmək yaxşı olar. Əgər cəmi 7 milyon dollar olan əmtəə dövriyyəsinin həcmini sizinlə qonşu ölkələrin göstəriciləri ilə müqayisə etsək görərik ki, bu, əsla inandırıcı deyildir və rəmzi xarakter daşıyır. Mənafelər isə, sözsüz ki, mövcuddur. İndi keçirilən Bolqarıstan-Azərbaycan biznes forumunda bolqar biznesmenlərinin iştirakı da buna sübutdur.
Beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətimizlə bağlı bir neçə mühüm məsələ var. İlk növbədə, Bolqarıstan NATO-nun üzvüdür və tezliklə Avropa Birliyinin üzvü olacaqdır. Zənnimcə, Sizin bəyan etdiyiniz niyyətləri nəzərə alaraq, biz çox gözəl qarşılıqlı fəaliyyət göstərə bilərik. Şəxsən mən bu fikirdəyəm ki, Avropa Birliyinin qonşu ölkələr barəsində elan etdiyi yeni siyasət yeni məzmunla dolğunlaşmalıdır. Bolqarıstan bu siyasətin tərəfdarlarından biri olacaqdır.
Digər tərəfdən, ümidvarıq ki, Azərbaycan, xüsusən, ölkəmizin biznesmenləri Bolqarıstanın simasında Avropa Birliyinə, bir növ, qapı tapacaq.
Cənab Prezident, beynəlxalq terrorizmlə mübarizədə bir sırada olmağımız çox vacibdir. Eyni münaqişə nöqtələrində olmağımız sübut edir ki, toqquşmalar dini və etnik əsasda baş vermir. Onlar tamam başqa xarakterlidir. Bolqarıstanın NATO üzvü, Azərbaycanın isə bu təşkilatın fəal tərəfdaşı olduğunu nəzərə alaraq, biz bu sahədə yaxşı qarşılıqlı fəaliyyət göstərə bilərik.
Sonda demək istərdim ki, qarşılıqlı fəaliyyətimizin səviyyəsini qaldırmağımız çox vacibdir. Bolqarıstanın artıq Azərbaycanda səfiri var və yaxın vaxtlarda Sofiyada səfirlik açmaq barədə qərarınızı alqışlayıram. Bu, bəlkə də, ilk baxışdan, texniki xarakterli kiçik amildir, amma bilirik ki, çox vaxt belə məsələlər böyük rol oynayır.
X X X
Sonra hər iki dövlət başçısının iştirakı ilə ölkələrimizin nazirlikləri və baş idarələrinin rəhbərləri Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi apardılar.