AZƏRBAYCAN VƏ İNDONEZİYA BÜTÜN SAHƏLƏRDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİRLƏR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Azərbaycanın Baş naziri Artur Rasizadə İndoneziyanın xarici işlər naziri Həsən Virayudanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan hökumətinin başçısı iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq ümidvar olduğunu bildirmişdir ki, bu səfər qarşılıqlı faydalı əlaqələrin inkişafına təkan verəcəkdir. Baş nazir qeyd etmişdir ki, ilk növbədə ölkələrimiz arasında müqavilə-hüquq bazası yaradılmalıdır. Hazırda bu sahədə 3 sənəd mövcuddur.
Artur Rasizadə qonaqlara Azərbaycan iqtisadiyyatında qazanılan uğurlar, ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən qlobal nəqliyyat və enerji layihələri barədə məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, bu problemin nizama salınması məsələsində Ermənistanın qeyri-konstruktiv mövqeyindən danışan Baş nazir, BMT Baş Məclisində Dağlıq Qarabağla bağlı qətnamənin müzakirəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İndoneziya rəhbərliyinə təşəkkürünü bildirmişdir.
İndoneziyanın xarici işlər naziri demişdir ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və siyasi, iqtisadi, humanitar sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir.
######
