AZƏRBAYCAN VƏ KÜVEYT İKİTƏRƏFLİ ƏLAQƏLƏRİNİNKİŞAFINA BÖYÜK MARAQ GÖSTƏRİRLƏR
Azərbaycanın Küveyt ilə hərtərəfli əlaqələrin inkişafına böyük maraq göstərdiyini bildirən səfir Ş.Abdullayev, ölkələrimizin BMT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini, bir-birinə dəstək verdiyini söyləmişdir.
Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu vurğulayan diplomat, ölkələrimizin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini demiş və bu qruplar arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır.
Ş.Abdullayev Casim Məhəmməd əl-Xərafinin Azərbaycana dəvət olunduğunu xatırlatmış, bu səfərin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə ümid bəslədiyini demişdir.
Küveyt Milli Məclisinin sədri Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə ölkəsində böyük əhəmiyyət verildiyini diqqətə çatdırmış, parlamentlərin dövlətlərarası münasibətlərdə xüsusi rola malik olduğunu demişdir. Küveyt parlamentindəki Azərbaycan dostluq qrupu üzvlərinin bir neçə dəfə Bakıya səfər etdiklərini xatırladan Casim Məhəmməd əl-Xərafi, Azərbaycan Milli Məclisinin müvafiq qrupunun üzvlərini ölkəsində görməkdən məmnun qalacağını demişdir.
Azərbaycana dəvətə görə təşəkkürünü bildirən sədr, Küveyt parlamentinin fəaliyyəti ilə tanışlıq üçün Milli Məclisin sədri O.Əsədovu ölkəsinə dəvət etməkdən məmnunluq duyduğunu bildirmiş, bununla əlaqədar hazırlıq işlərinin aparılması üçün tapşırıqlar verdiyini demişdir.
Casim Məhəmməd Əl-Xərafi ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu nəzərə alaraq, iqtisadi-ticarət əlaqələrinin inkişafına xüsusi diqqət verilməsinin zəruriliyini qeyd etmiş, Azərbaycanın siyasi, iqtisadi vəziyyəti, xüsusilə neft-qaz layihələri ilə maraqlanmışdır.
Səfir Ş.Abdullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, respublikamızın siyasi və iqtisadi vəziyyəti barədə ətraflı məlumat vermişdir.