REGİONLAR
Azərbaycan və Özbəkistan universitetləri arasında yeni əlaqələr qurulur
![](/files/galleryphoto/2022/3/1200x630/16655738241396519239_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665573824316997864_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655738241823538016_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655738241152443988_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655738246332842922_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655738245439952868_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655738242491715146_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655738242054665129_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655738245411719329_1200x630.jpg)
Quba, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Özbəkistanın Termiz Dövlət Universitetindən gələn nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının qonağı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar filialın fəaliyyəti ilə yaxından tanış olub, burada təhsil alan tələbələrlə görüşüblər.
Filialda keçirilən görüşdə ADPU-nun Quba filialının direktoru Yusif Alıyev çıxış edərək Azərbaycan ilə Özbəkistan arasındakı dostluq, əməkdaşlıq əlaqələri, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, iki ölkənin ali məktəbləri arasında əlaqələrin qurulmasından danışıb. Bildirilib ki, ADPU-nun Quba filialı ilə Özbəkistanın Termis Dövlət Universiteti arasında təhsil sahəsində əlaqələrin qurulması üçün artıq ilk addımlar atılır.
Yusif Alıyev əlaqələrin genişləndirilməsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolunu qeyd edib.
Tədbirdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Nağıqızı çıxış edərək bildirib ki, ADPU-nun Avropa ölkələri, eyni zamanda, Türkiyənin reytinqli universitetləri ilə geniş əlaqələri mövcuddur. “Erasmus+” proqramı çərçivəsində Danimarka, Avstriya, Almaniya, Fransa kimi ölkələrlə tələbə mübadilələri həyata keçirilir.
“Bu il Zəfər Günü qardaş Türkiyənin Qazi Universitetində qeyd ediləcək. Biz də orada universitetin böyük professor-müəllim heyəti ilə iştirak edəcəyik. Bu, bizim bayramımızdır, türk dünyasının bayramıdır. Biz indi Termis Dövlət Universitetinin tələbə və müəllim heyətinin iştirakı ilə böyük heyəti qəbul etdik. Danışıqlar oldu. Bölgə universitetləri arasında əlaqələrin yaranması, mübadilələr, proqramlara yenidən nəzər salmaq, keçirilən fənlərin fərqliliyini yoxlamaq çox önəmlidir”, - deyə Mahirə Nağıqızı söyləyib.
Termiz Dövlət Universitetinin prorektoru Obid Şafiyev Azərbaycan və Özbəkistan universitetləri arasındakı əlaqələrdən danışıb, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə əlaqələr inkişaf edir.