“AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARININ BİRGƏ FƏALİYYƏT STRATEGİYASI” HAZIRLANIR
Qardaş ölkədə, Forumun Azərbaycan və türk diaspor təşkilatlarının əməkdaşlığı tarixində yeni səhifə açacağına, ölkələrimizin milli maraqlarının müdafiəsində diasporun potensialından daha səmərəli istifadə edilməsinə şərait yaradacağına inanırlar. Türkiyə tərəfi tədbirin təşkili üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazırdır və Forumun 2007-ci ilin martında keçirilməsini təklif etmişdir. Hazırda Dövlət Komitəsi bu və digər təkliflər ətrafında məsləhətləşmələr aparır.
N.İbrahimovun dediyinə görə, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və türk icmalarının, türkdilli xalqların və dövlətlərin nümayəndələrinin də iştitak edəcəyi bu mötəbər tədbirdə müxtəlif məsələlər, eləcə də “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası” geniş müzakirə olunacaqdır. Dövlət Komitəsi həmin sənədin ilkin variantını hazırlayaraq baxılmaq üçün Türkiyənin müvafiq dövlət orqanlarına göndərmişdir.
Sənəddə soydaşlarımızın məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin yüksəldilməsi, müxtəlif ölkələrin seçkili orqanlarında və hökumət strukturlarında təmsil olunan türk və azərbaycanlı siyasi xadimlərlə əlaqələrin genişləndirilməsi, onların sosial müdafiəsini gücləndirilməsi, vətəndaşlıq məsələlərində ortaya çıxan problemlərin həlli ilə bağlı vahid mexanizmin müəyyənləşdirilməsi və digər mühüm vəziflər qeyd olunmuşdur.
Layihədə, həmçinin türk xalqlarının ortaq etno-mədəni, tarixi dəyərləri, onların məskunlaşma coğrafiyası, qloballaşma şəraitində ortaq strateji mənafelərinin təminatı, Azərbaycan və türk diasporunun formalaşması, bu təşkilatlar arasında əməkdaşlığı zəruri edən amillər, birgə fəaliyyət strategiyasının məqsədi və digər məsələlər də əksini tapmışdır.