Azərbaycan velosipedçiləri Çexiyada və İtaliyada uğurla çıxış ediblər
Bakı, 14 sentyabr, AZƏRTAC
Yola saldığımız həftə Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu nəticələrlə yadda qalıb. Azərbaycan velosipedçiləri Çexiya və İtaliyada təşkil olunan yarışlarda uğurlu nəticələr qazanıblar.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının Çex Respublikasında təşkil etdiyi 2.2 kateqoriyalı, 3 mərhələdən ibarət "East Bohemia Tour" veloyürüşündə "Synergy Baku" komandasının 6 üzvü - Elçin Əsədov, Maksim Averin, Matey Müqerli, Yannis Tamuridis, Markus Eybeger və iyulda Çində aldığı ağır zədəsini sağaldan Aleksandr Surutkoviç iştirak edib. Yüz əlli səkkiz kilometrlik ilk mərhələdə Maksim Averin altıncı, Yannis Tamuridis isə səkkizinci nəticə göstərib. Yüz yetmiş səkkiz kilometrdən ibarət sonuncu mərhələdə isə nəticəmiz daha yüksək olub. Belə ki, məsafəni mərhələ qalibindən 6 saniyə sonra başa vuran Matey Müqerli finiş xəttini ikinci keçib. Markus Eybeger 6-cı, Maksim Averin isə 10-cu olub.
İtaliyada təşkil edilən 2.2 kateqoriyalı "Giro della Regione Friuli Venezia Giulia" veloyürüşündə isə yığma komandalarımızın 4 üzvü - Samir Cəbrayılov, Tural İsgəndərov, Elgün Əlizadə və İsmayıl İlyasov mübarizə aparıb. Yarışın sonuncu mərhələsində 168 kilometr məsafəni 3 saat 56 dəqiqə 10 saniyəyə qət edən Samir Cəbrayılov bununla da fəxri kürsünün üçüncü pilləsinə qalxıb.