Azərbaycan xalqı faşizm üzərində Qələbənin qazanılmasına əvəzsiz töhfələr verib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan xalqı faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərib. Xalqımız faşizm üzərində Qələbənin qazanılmasına əvəzsiz töhfələr verib. Bu müharibədə 700 minədək azərbaycanlı iştirak edib. Onlardan 300 minə yaxını həlak olub. Qələbənin qazanılmasında Bakı nefti xüsusi rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 7-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümünə həsr olunan “Azərbaycanlılar İkinci Dünya müharibəsi illərində” mövzusunda tədbirdə səslənib.
Tədbirdə əvvəlcə xalqımızın ümummilli lider Heydər Əliyevin, Böyük Vətən müharibəsində həlak olan oğul və qızlarımızın, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
“Azərbaycan oğul və qızları İkinci Dünya müharibəsinin cəbhələrində” mövzusunda məruzə ilə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə xalqımızın faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini bildirib. O, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 700 minədək oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub.
Ə.Qənizadə diqqətə çatdırıb ki, 1941-1945-ci illər müharibəsində Qələbənin qazanılmasında azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərib.
Sonra muzeyin rəisinin elmi işlər üzrə müavini-elmi katib, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “Azərbaycan nefti faşizm üzərində Qələbənin əsas şərtlərindən biri kimi” mövzusunda məruzəsi dinlənilib.
Böyük Vətən müharibəsi veteranı, İtaliya müqavimət hərəkatında iştirak etmiş partizan Məşi Elyazov döyüş xatirələrindən söz açıb, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin veteranlara böyük diqqət və qayğısından danışıb.
İkinci Dünya müharibəsi illərində Fransa müqavimət hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun qızı Almaz Cəbrayılova atasının döyüş yolundan söhbət açıb.
Digər çıxış edənlər də şanlı Qələbəyə Bakı neftinin töhfəsinin əvəzsiz olduğunu söyləyib, veteranlara göstərilən dövlət qayğısından danışıblar. Veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak etdikləri xüsusi qeyd olunub.
Sonra azərbaycanlıların İkinci Dünya müharibəsindəki igidliklərinə həsr edilən qısametrajlı sənədli film nümayiş olunub.
Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansamblının solistləri vətənpərvərlik mahnıları ifa ediblər.