Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi uşaqlar üçün maraqlı ekskursiya təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Dalğa" və "Xəzər" uşaq bağçalarında məktəbəqədər təhsil alan şagirdlərin iştirakı və İnsan Resurslarının İdarəedilməsi Departamentinin təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maraqlı tədbir keçirilib.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, "Kitab necə yaranır" mövzusuna həsr olunmuş tədbir çərçivəsində uşaqların Azərbaycanda fəaliyyət göstərən ən böyük poliqrafiya müəssisələrindən biri olan "Şərq-Qərb" nəşriyyatına ekskursiyası təşkil olunub. Burada onlar kitabın çapa hazırlanması və ağ kağızdan rəngli kitabın alınması prosesini yaxından izləmək imkanı əldə ediblər. Çoxları üçün adi görünən kitabların hazırlanmasının əslində nə qədər böyük zəhmət tələb etdiyinə uşaqlar öz gözləri ilə şahidlik ediblər.
Ekskursiyadan sonra "Azərkitab" mərkəzində kitabın qədim zamanlarda və hazırkı dövrdə hazırlanması qaydaları haqqında videoçarx nümayiş olunub. Uşaqlar videoçarxı maraqla izləyiblər.
Tədbir çərçivəsində uşaqlara dəniz mövzusuna uyğun öz əlləri ilə rəngli kağızlardan gəmi düzəltmək tapşırığı verilib. Hər bir şagird böyük həvəs və bacarıqla tapşırığın öhdəsindən gəlib. Bu işdə balacalara "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamentinin gənclərlə iş üzrə koordinatoru Roza Bədəlova yaxından kömək edib. Daha sonra uşaqlar əl işlərini vatman kağızına yerləşdirərək divar qəzeti ərsəyə gətiriblər.
Tədbirin sonunda iştirakçılara kitab, məktəb ləvazimatı və kağız modullardan ibarət bədii konstruksiyalar hədiyyə olunub.