AZƏRBAYCAN-YAPONİYA DÖVLƏT KOMİSSİYASININ IV İCLASI KEÇİRİLMİŞDİR
İclasın əvvəlində Baş nazirin müavini, Dövlət Komissiyasının həmsədri Abid Şərifov, “İtochy Corporation” şirkətinin vitse-prezidenti Yokota Akira, Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi ticarət siyasəti şöbəsi baş direktorunun müavini Toşihisa Takata təbrik sözü söyləmişlər.
Sonra Abid Şərifov və Yokota Akira çıxış etmişlər. Bildirilmişdir ki, komissiyanın son iclası beş il əvvəl - 2001-ci il noyabrın 28-də Tokioda keçirilmişdir. Komissiyanın işlək orqana çevrilməsi, hər iki tərəf üçün səmərəli əməkdaşlığa təkan verməsi arzusu dilə gətirilmişdir. Natiqlər xüsusi vurğulamışlar ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ilin fevralında, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Yaponiyaya rəsmi səfərləri ölkələrimiz arasında əlaqələrin yaranıb formalaşmasında mühüm rol oynamışdır. Xatırladılmışdır ki, Yaponiya kapitalının iştirakı ilə Azərbaycanda bir çox şirkətlər - İtochy, Mitsui, Sumitomo, Mitsubishi və s. fəaliyyət göstərir. Bu ölkənin bir sıra şirkətləri Azərbaycanın neft müqavilələrində (“Azəri-Çıraq-Günəşli”, “Dan ulduzu-Əşrəfi”, “Atəşgah”, “Yanan tava”, “Muğan-dəniz”) iştirak edirlər. Həyata keçirilmiş birgə layihələr, 1998-ci ildən başlayaraq Yaponiya hökumətinin İnkişaf üçün Rəsmi Yardım Proqramı (ODA) çərçivəsində bu ölkənin Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) vasitəsilə Azərbaycana göstərdiyi yardımlar xatırladılmışdır. Proqrama əsasən Azərbaycana ayrılmış kreditlərin ümumi məbləği (Yaponiyanın EKSİM Bankı tərəfindən ayrılmış kredit də daxil olmaqla) 700,3 milyon ABŞ dolları təşkil edir. İndiyədək Yaponiya hökuməti tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə ümumi dəyəri 2570 milyon iyen (23,68 milyon dollar) olan 7 qrant ayrılmış və bu qrantlar çərçivəsində respublikaya təqribən 232 kombayn, 212 traktor, 186 kotan, 148 taxılsəpən, 20 mala, ümumiyyətlə 798 kənd təsərrüfatı texnikası gətirilmişdir. 1996-cı ildən başlayaraq ODA çərçivəsində Azərbaycan Respublikasına 69 milyon dollardan çox qrant ayrılmışdır.
Ölkələrimiz arasında ticarət əlaqələrinə də toxunulmuş və məlumat verilmişdir ki, 2005-ci ildə ticarət dövriyyəsi 70619,4 min ABŞ dolları, bu ilin yanvar-avqust aylarında isə 80716,2 min dollar təşkil etmişdir.
İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov məruzəsində Azərbaycan Respublikasının ümumi iqtisadi mənzərəsini vermiş, iqtisadi islahatların hazırkı vəziyyətindən, hökumətin yoxsulluğu azaltmaq üçün həyata keçirdiyi tədbirlərdən, son beş ildə ölkə iqtisadiyyatına yatırılmış dövlət investisiyasından, istehsal sahələri və enerji resurslarından söz açmışdır.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBİC) böyük icraçı direktoru Tetsuro Şioquçinin, Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubovun, NEXİ–nin (Nippon İxracın və İnvestisiyanın Sığortası) icraçı direktoru Sutomu Murasakinin, JİCA-nın eksperti Kenyiçi Osuqinin, Yaponiya Xarici Ticarət Təşkilatı (JETRO) Moskva nümayəndəliyi baş direktorunun müavini Tetsuya Umetsunun, Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramovun, “Azərenerji” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərovun və başqalarının məruzələri maraqla dinlənilmişdir.
Məruzələrdə hər iki ölkə arasında əməkdaşlığın arzuolunan istiqamətləri sadalanmış, konkret təkliflər irəli sürülmüşdür.
Azərbaycan-Yaponiya Dövlət Komissiyasının IV birgə iclasının protokolu imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən Abid Şərifov, Yaponiya tərəfdən Yokota Akira imzalamışlar.
Həmsədrlər jurnalistləri maraqlandıran suallara cavab vermişlər.