Azərbaycançılıq Heydər Əliyev siyasi kursunun ana xəttidir
Naxçıvan, 7 may, AZƏRTAC
Ulu Öndər Azərbaycan təhsilində böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən konfransda səsləndirilib.
Konfransın plenar iclasında universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Heydər Əliyev və Azərbaycanda təhsil quruculuğu” adlı məruzəsində qeyd edib ki, böyük dövlət xadimi hər bir gəncin fəal vətəndaşlıq mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu dəfələrlə qeyd edib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyev: siyasi liderlikdən ümummilli liderliyə” adlı məruzəsində vurğulayıb ki, öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə nəsib olub. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə siyasi liderlikdən Ümummilli Lider səviyyəsinə yüksəlir. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında azərbaycançılıq məfkurəsi dayanır. Bu mənada, azərbaycançılıq Heydər Əliyev siyasi kursunun şah damarı, ana xəttidir.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev irsi və müstəqillik dövründə ədəbi dilimizin inkişaf məsələləri”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Gəmiqaya abidəsinin tədqiqinə dövlət qayğısı” mövzularında məruzələr ediblər.
Konfrans “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və ictimai-siyasi həyat”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” bölmə iclasları ilə işini davam etdirib.
X X X
Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda lektoriya keçirilib.
İnstitutun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazıb.
Qeyd olunub ki, müstəqil Azərbaycanın memarı və qurucusu olan, xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaldan, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görən ümummilli lider Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi Azərbaycan tarixinin yüksəliş mərhələsini təşkil edir. Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider, xalq məhəbbətini qazanan şəxsiyyət kimi həkk olunmuş Heydər Əliyev tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran nadir şəxsiyyətlərdən biri, xalqımızın milli iftixarı, güvən yerimiz, qürur duyduğumuz böyük azərbaycanlı idi.
Oruc Həsənli bildirib ki, ümummilli lider Heydər Əliyev müdrikliyi və cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb, ölkəmizin taleyində ciddi dönüşlərə imza atmış dahi şəxsiyyət kimi yaddaşlarda əbədiləşib. Xalqımız ən ağır məqamlarda Ulu Öndərin dövlətimizin maraqlarını qoruyacağına, düzgün qərarlar verəcəyinə inanıb. Dahi rəhbərin zəngin həyat və fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri bizim üçün örnəkdir. Ulu Öndərin təməlini qoyduğu dövlətçilik məktəbi bu gün də yaşayır və yaşayacaq.
Diqqətə çatdırılıb ki, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində və iqtisadiyyatının güclənməsində əsas amil olan Ümummilli Liderin siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rektor görkəmli dövlət xadimi Heydər Əliyevin gənclərə yüksək etimadından, Ulu Öndərin ölkəmizdə elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan da söz açıb.