Azərbaycanda 17 min 557 nəfər bronxial astma xəstəliyindən əziyyət çəkir
Bakı, 4 may, AZƏRTAC
“Bronxial astma xəstəliyi daha çox allergiya xəstəliyindən əziyyət çəkənlər arasında baş verir. Bu xəstəlik hər bir yaş dövründə özünü göstərə bilər. Öskürək, boğulma, xışıltı, fitverici tənəffüs, döş qəfəsində olan ağrı və narahatlıq hissi xəstəliyin simptomlarıdır. Bronxial astma xəstəliyinin yaranmasında genetik faktor əsas rol oynayır. Valideynlərinin hər ikisi bu xəstəlikdən əziyyət çəkirsə uşağın astma problemli doğulması 75 faizdir. Valideyinlərdən birində bu problem varsa bu ehtimal 30 faiz, uzaq və yaxın qohumlar arasında astma xəstəliyindən əziyyət çəkən varsa - 15 faizdir. Aparılan tədqiqatlar göstərir ki, bronxial astma xəstəliyinin yaranmasında ana faktoru əsas rol oynayır. Bu xəstəlikdə ana xətti daha üstünlük təşkil edir. Xəstəlik uşaqlarda daha çox oğlanlarda, böyüklərdə isə qadınlarda müşahidə edilir.
Astma 90 faiz hallarda uşaqlarda allergik olur, böyüklərdə isə həm allergik, həm də qeyri-allergik ola bilər. İnfeksiya, pnevmoniya, fiziki yük, idmanla məşğul olan insanlarda sonradan yaranan astma qeyri-allergik astma adlanır”.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayımda mütəxəssis-ekspert, pediatr-allerqoloq Tahirə Pənahova deyib.
“Allergenlər astmanın kəskinləşməsinə səbəb olur. Ev tozu, tozlarda yaranan gənələr, heyvan tükləri, nəmişlik, çox ədviyyatlı qidalar xəstəliyin ağırlaşmasında səbəbkar faktorlardır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə dünyada 300 milyon insan bronxial astma xəstəliyindən əziyyət çəkir. Azərbaycanda isə bu xəstəlik 17 min 557 nəfərdə müşahidə olunub.
Xəstəliyin sanatoriya şəraitində müalicəsi də vacib faktorlardandır. Əsasən Naxçıvan Muxtar Respublikasında yerləşən duz mağaraları bronxlar üçün müalicəvidir.
İlkin allergiyanın simptomları körpəlikdən müşahidə edilə bilər. Uşaq anadan olandan sonra üzündə səpkilər əmələ gələrsə, körpədə öskürək, boğulma, burun tutulması kimi hallar astma xəstəliyinin ilkin göstəricisidir. Bronxial astma problemindən əziyyət çəkən uşaqların fast-fud, şokolad və ədviyyatlı qidalardan istifadə etməsi tövsiyə edilmir. Bəzi idman növlərində də məhdudiyyətlər olmalıdır. Futbol, qaçış, basketbol kimi təngnəfəslik yarada biləcək idman növləri məsləhət görülmür.
Xəstəliyin müalicəsi zamanı inqalyator aparatı ilə dərmanları qəbul etmək daha məqsədə uyğundur. İnqalyator müalicəsindən dərhal sonra ağız boşluğu mütləq təmizlənməlidir. Əks halda ağızda göbələk və səsbatma halları yarana bilər.
Əgər hamilə olan qadında bronxial astma problemi varsa, hamiləlik dövründə pəhriz tutmalı, heyvanlardan və tozdan uzaq olmalıdır. İnfeksiya, virus və bakteriyalar astma xəstəliyi üçün təhlükəli hal yarada bilər. Koronavirus infeksiyası da astmadan əziyyət çəkən insanın vəziyyətini kəskinləşdirir”.