Azərbaycanda 18 müxtəlif bitkilik tipinin yayılma xəritələri hazırlanıb
Bakı, 15 may, AZƏRTAC
Müasir informasiya texnologiyalarının tətbiqi nəticəsində Azərbaycanda ilk dəfə olaraq 18 müxtəlif bitkilik tipinin yayılma arealları dəqiq şəkildə müəyyənləşdirilib.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri professor Elşad Qurbanov məlumat verib.
Alim bildirib ki, aparılan genişmiqyaslı tədqiqatlar zamanı ölkənin flora örtüyü müasir rəqəmsal və elmi metodlarla yenidən analiz edilib. Bu yanaşma sayəsində bitkilərin coğrafi yayılması, ekoloji xüsusiyyətləri və botaniki zonalar üzrə paylanması daha dəqiq xəritələndirilib.
Tədqiqatların nəticəsi olaraq bir neçə mühüm elmi məhsul hazırlanıb. Bunlara “Azərbaycanın bitki örtüyü xəritəsi”, “Azərbaycanın botaniki-coğrafi rayonlarının xəritəsi”, eləcə də ölkənin müxtəlif botaniki-coğrafi rayonlarını əhatə edən təxminən 20-yə yaxın ekoloji-geobotaniki xəritə daxildir. Bu xəritələr çap edilərək elmi dövriyyəyə daxil edilib.
Professorun sözlərinə görə, bu işlər təkcə xəritələşdirmə baxımından deyil, həm də ölkənin bitki ehtiyatlarının sistemli şəkildə öyrənilməsi və qorunması üçün mühüm baza rolunu oynayır. Hazırlanan materiallar gələcəkdə Azərbaycanın flora məlumatlarının rəqəmsallaşdırılması və vahid bioloji məlumat bazalarının yaradılması üçün də əsas elmi dayaq kimi çıxış edəcək.
Elşad Qurbanov qeyd edib ki, bu cür kompleks yanaşma həm ekoloji monitorinqin gücləndirilməsinə, həm də nadir və endemik bitki növlərinin qorunması strategiyalarının daha düzgün planlaşdırılmasına imkan verir.