CƏMİYYƏT
Azərbaycanda 20-30 il əvvəllə müqayisədə qulaq xəstəlikləri ilə bağlı müraciətlərin sayı azalmışdır
Bakı, 7 iyun (AZƏRTAC). Uşaqlarda tonzillit və adenoid, böyüklərdə isə allergik problemlər, burunətrafı ciblərin xəstəlikləri ölkəmizdə daha çox müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu sözlər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda iyunun 6-dan keçirilən Yaxın Avrasiya və Afrika Qulaq Burun Boğaz Cəmiyyətinin (NERAS) birinci beynəlxalq konqresində səsləndirilmişdir.
Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu Nazim Hüseynov qeyd etmişdir ki, 20-30 il əvvəllə müqayisədə ölkəmizdə qulaq xəstəlikləri ilə bağlı müraciətlərin sayı azalmışdır. Bunun əsas səbəbi isə otorinolarinqologiya sahəsində ciddi profilaktika tədbirlərin aparılmasıdır. O bildirmişdir ki, Azərbaycanda otorinolarinqologiya sahəsi üzrə endoskopik cərrahiyyə əməliyyatının köməkliyi ilə burun və burunətrafı ciblərin, qulaqda eşitmənin bərpası uğurla aparılır. Bundan əlavə, qırtlaqda olan xəstəliklər, o cümlədən səsin bərpası, bədxassəli və ya şişə bənzər xəstəliklərə qarşı olan hər bir əməliyyat həyata keçirilir.
Qeyd edək ki, iyunun 7-də konqres işini “Uşaqlarda qulaq-burun-boğaz problemlərinə yeni baxış”, “Səs xəstəliklərinin diaqnostika və müalicəsində yeni üsullar və endoskopiyanın yeri”, “Eşitmə problemləri” və “Rinoplastika” mövzularında panel iclaslarında davam etdirmişdir.