Azərbaycanda COVID-19-a qarşı 10 milyon 21 min 688 doza peyvənd vurulub
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vurulan peyvənd dozalarının sayı 10 milyonu ötüb.
AZƏRTAC xəbər verir ki, 2021-ci il yanvarın 18-dən etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkədə peyvəndləmə prosesinə başlanılıb. Koronavirus əleyhinə fərqli platformalarda hazırlanan 4 növ peyvənddən istifadə edilir. Həmin peyvəndlər “CoronoVac”, “AstraZeneca”, “Pfizer” və “Sputnik V” peyvəndləridir.
“COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə vaksinasiya prosesi iki mərhələdən ibarətdir. Vaksinasiyanın birinci mərhələsi ilə ikinci mərhələsi arasında minimum 28, maksimum 56 gün vaxt olmalıdır. Həmçinin Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşlara, xroniki xəstəliyi olanlara, bütün tibb işçiləri və yaşı 50-dən yuxarı olan əhaliyə “buster” doza ilə peyvəndlənməyi tövsiyə edir. Vaksinasiyanın ikinci mərhələsindən 6 ay sonra vətəndaşlar, ehtiyac yarandıqda revaksinasiya oluna bilərlər.
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 21 min 688, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 12 min 689, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 464 min 36 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 544 min 963 nəfər təşkil edir.